Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir.
Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə deyib.
O bildirib ki, ötən il ölkədə quraqlıqlar müşahidə edilib, bu da kənd təsərrüfatı üçün maneələr yaradır:
“Biz istəyirik elə məhsullar yetişdirək ki, quraq landşafta qarşı belə davamlı olsun. İqlim dəyişikliyi fonunda regionda da quraqlıqlar müşahidə olunur. Ölkədə su qıtlığı ilə üzləşməkdəyik. Bu o deməkdir ki, biz insanları bu sahədə maarifləndirməliyik”.
Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi turizmə də təsir edir:
“Həmçinin infrastruktur cəhətdən də təsirlər var. Xəzər dənizində su səviyyəsinin azalması bizim üçün narahatlıqlar yaradır. Bu o deməkdir ki, biz infrastruktura da maliyyə ayırmalıyıq”.
E.Əliyev son illərdə dövlət xərclərinin səhiyyə sahəsində də artdığını diqqətə çatdırıb: “Artıq ürək xəstəlikləri ilə yanaşı, iqlim dəyişkənliyi səbəbindən digər müxtəlif xəstəliklər də geniş vüsət alıb. Bir sözlə, iqlim dəyişikliyi bütün sahələrə birbaşa və ya dolayı təsirlər yaradır”.