Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb

Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarovun Moskvada üç restoranı bağlanıb.

“Moskva restoranlarının açılış və bağlanışları” (“Открытия и закрытия ресторанов Москвы”) adlı “Telegram” kanalı yazıb ki, Moskvadakı “Aviapark” ticarət mərkəzində yerləşən “Edoko”, “Zafferano” və “Forte Bello” restoranları fəaliyyətini dayandırıb.

“Agalarov Development”dən TASS agentliyinə bildirilib ki, “AgalarovRest” şirkəti hazırda fokusunu müstəqil layihələrə yönləndirdiyi üçün restoranların fəaliyyətini dayandırıb.

Son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlər öz gərginlik dövrünü yaşayır. Gərginləşmə 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra başlayıb.

2025-ci il ilin iyununda isə Rusiyada azərbaycanlılara qarşı reydlər və həbslər başlayıb.

Bunun ardınca “Sputnik Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb.

Bu hadisələrin fonunda Emin Ağalarov təşkilatçısı olduğu  “Dream Fest”də iştirak edəcək 20 rus müğənnisinin çıxışını ləğv etmişdi.

“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.

“Əsas səbəb – bu obyektlərin effektivliyinin azalmasıdır. Onlar orta və yuxarı seqmentdə fəaliyyət göstərirdilər və bu kateqoriyadakı auditoriya daimi olaraq konsepsiyanın, xidmətin və menyunun yenilənməsini gözləyir. Son illərdə bu cür yenilənmələr baş vermədiyi üçün layihələrin bağlanması təbii nəticə oldu. Hərçənd ki, bu restoranlar bir çox rəqiblərindən daha uzun müddət fəaliyyət göstərmişdi”, – deyə Xakberdiyeva TASS-a bildirib.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …