Cümə , 11 Aprel 2025
Drone Cameras

Emin Həsənli:Aprel döyüşləri cəmiyyətin vətənpərvərlik ruhunu gücləndirdi

Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində özünəməxsus yer tutur. Onun sözlərinə görə, bu döyüşlər təkcə hərbi qələbə deyil, eyni zamanda, xalqımızın ruhunun, milli qürurunun və gücünün təntənəsi idi.

E.Həsənli qeyd edib ki, Aprel döyüşləri bölgədəki vəziyyəti kökündən dəyişib. Ermənistan və dünya ictimaiyyəti Azərbaycanın güclü ordusunun olduğunu və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu açıq şəkildə görüb. Azərbaycan bu işğal vəziyyəti ilə heç vaxt barışmayacağını nümayiş etdirib:

“Bu döyüşlər Azərbaycan xalqının özünə inamını daha da artırdı, ordumuza güvəni daha da möhkəmləndirdi. Atəşkəs illərində ordumuzda aparılan islahatların, keçirilən təlimlərin və hərbi paraddakı nümayişlərin real nəticələri ilk dəfə məhz döyüş meydanında açıq-aşkar göründü. Xüsusi təyinatlı qüvvələrimizin şücaəti xalqımızın yaddaşına əbədi həkk olundu. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar Vətənin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçdilər”.

Ekspert 1994-cü ilin mayında elan edilən atəşkəsdən sonra baş verən ən böyük döyüşün məhz Aprel döyüşləri olduğunu vurğulayıb. Həmsöhbətimiz əlavə edib ki, əvvəllər müxtəlif toqquşmalar olsa da, bu miqyasda və bu qədər şəhid verdiyimiz bir döyüş olmamışdı. Aprel döyüşləri Birinci Qarabağ müharibəsindən sonra bölgədə baş verən ən iri hərbi əməliyyat idi və nəticədə düşmənə ağır zərbə vurulub:

“Bunun təsiri təkcə döyüş meydanı ilə məhdudlaşmayıb, Ermənistanda siyasi dəyişikliklərə də səbəb olub. Azərbaycan torpaqlarının işğalında və xalqımıza qarşı cinayətlərdə iştirak etmiş Sarkisyan-Ohanyan rejimi hakimiyyətdən getməyə məcbur olub. Erməni ordusunun “məğlubedilməzliyi” barədə mif alt-üst edildi, Ohanyan xətti yarılıb”.

E.Həsənli qeyd edib ki, Aprel döyüşləri, eyni zamanda, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəyə gedən yolun müjdəçisi idi. Onun sözlərinə görə, Aprel döyüşləri cəmiyyətinvətənpərvərlik ruhunu gücləndirdi. Ekspert vurğulayıb ki, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi bütövlükdə Vətən müharibəsinin əsas tərkib hissələridir.

“Biz bu müqəddəs savaşlarda canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq.

Aprel döyüşlərinin qəhrəmanları – şəhidlərimizin ailələri və qazilərimiz cəmiyyətdə böyük ideoloji iş aparıblar, xalqımız arasında birlik və ruh yüksəkliyi yaradıblar. Məhz bu milli ruh, bu birlik Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və ordusunun 44 günlük müharibədə qazandığı Zəfərin təməlini qoyub”,- deyə Emin Həsənli bildirib.

Check Also

Metroda tunel tikintisi zamanı xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə ediləcək

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən …