Ermənistanda, Qərbi Zəngəzur bölgəsində (ermənilər Sünik adlandırıb – red.) mis-molibden zavodunun tullantılar anbarındakı partlayış nəticəsində yaxınlıqdakı kəndi zəhərli su basıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Joxovurd” yayıb.
Bildirilib ki, Zəngəzur mis-molibden kombinatından axıdılan tullantı suları Oxçuçay çayını (ermənilər Voxçi adlandırır – red.) və yaxın yaşayış məntəqələrini çirkləndirməkdə davam edir.
Qəzetin yazdığına görə, bir müddət əvvəl kombinata məxsus “Artsvanik” tullantı anbarından axıdılan zəhərli sular və tullantılar nəinki Xələc çayının qoluna, hətta qonşu yaşayış məntəqələrinədək gəlib çıxıb: “Kəndləri basan zəhərli su ətraf mühiti çirkləndirərək təsərrüfatlara ziyan vurur”.
Məlumata görə, üç gündür bu hal davam edir.
“Joxovurd” bildirib ki, Ermənistanın ətraf mühit naziri Akop Simidyanı bu məsələ narahat etmir.
Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatından axıdılan zəhərli sular Araz çayını da çirkləndirir.