Cümə , 19 Aprel 2024
Drone Cameras

Ermənilərin təzə “Xocalı uydurması” – “Biz Xocalıda etməsəydik, onlar Stepanakertdə edəcəkdilər…”

Hər dəfə Xocalı faciəsinin ildönümü yaxınlaşanda ermənilər baş verən hadisə ilə bağlı yeni-yeni faktlar uydurmağa başlayırlar.

“Adi soyqırım” adlı layihənin rəhbəri Marina Qriqoryan Ermənistan KİV-nə açıqlamasında bildirib ki, guya ermənilər həmin əməliyyatı məcbur olub həyata keçiriblər. Qriqoryan bunu o vaxtkı Dağlıq Qarabağ Muxrat Vilayətinin paytaxtı Xankəndi şəhərinin ağır humanitar böhran içində olması ilə əsaslandırıb: “Şəhər tamamilə blokadadaydı. Dərman, ərzaq, istilik yox idi. Bununla yanaşı, Azərbaycan tərəfi hər gün şəhəri bir neçə mövqedən bombalayırdı. Həmin vaxt şəhərdə olan 80 min dinc əhalini xilas etmək üçün belə bir əməliyyat keçirildi. Çünki “Artsax”da yeganə aeroport məhz Xocalıdaydı. Bu addım ona görə atıldı ki, aeroport vasitəsilə bizim Ermənistanla əlaqə saxlamağımız mümkün olsun”.

Göründyü kimi, erməni tərəfi indi də tamamilə yeni bir versiya ortaya atıb. Əvvəl deyirdilər ki, orada sonradan Ermənistana rəhbərlik etmiş şəxslər şəxsən iştirak edib. Sonra Paşinyan bunu Ayaz Mütəllibova saxta istinad etməklə guya Azərbaycan müxalifətinin törətdiyini bildirdi. Münhen Konfransından sonra ölkəsinə gedəndə isə özünün sosial şəbəkələrdəki hesabında Xocalı qətliamını rusların törətdiyini dedi. İndi də guya bunun məcburiyyətdən törədildiyinə dair saxta bir versiyanı gündəmə buraxırlar. Ermənilərin Xocalı faciəsilə bağlı cürbəcür uydurmalarla çıxış etməsinin kökündə hansı amil dayanır?

  • Aydın Quliyev: “Bir məsələ haqda neçə yalan uydurmaq olar?!”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu məsələyə öz mövqeyini sosial şəbəkədəki hesabında açıqlayıb. O hesab edir ki, ermənilər bu məsələdə çoxlu sayda yalan uydurublar: “Bir məsələ haqda neçə yalan uydurmaq olar?! Xocalı hadisələrinin həqiqətdə genosid olduğuna dair fikirlər dünyada sürətlə hamının qəbul etdiyi rəyə çevrilməkdədir. Bu, təbii ki, erməniləri narahat edir. Cürbəcür yalanlar və bir-birini inkar edən ziddiyyətli mətləblər ortaya qoyurlar. Bu klassık erməni yalanlarının bir neçəsini yada salaq.

1. Sabiq prezident Sarkisyan 1992-ci ildə Xocalıda quldur erməni dəstələrinin başçısı kimi bu cinayəti törədəndən sonra demişdi: “bu vaxta qədər azərbaycanlılar elə bilirdilər ki ,biz dinc əhaliyə əl qaldırmarıq, ancaq biz bunu etdik”. Cinayətkarın bu fikri bir məşhur ingilis jurnalistinin kitabına da düşüb. Sarkisyan həmin jurnalistə müsahibə verib. Əslində, birmənalı etiraf edib ki, Xocalı dəhşətini biz törətmişik.

2. Paşinyan Münhen Təhlükəsizlik Konfransında dedi ki, Xocalını azərbaycanlılar özləri törədiblər və guya o vaxtkı prezident Mütəllibov bunu özü deyib. Düzdür, o bu yalanına görə elə yerindəcə İlham Əliyevdən sarsıdıcı cavabını aldı. Ancaq yalanlar danışmaqdan qalmadı.

3. Paşinyan Münhen Konfransından İrəvana qayıdandan sonra İTV-yə müsahibəsində daha bir yalan uydurdu. Dedi ki, bizlik bir şey yoxdur və Xocalı hadisələrini ruslar törədiblər. Doğrudur, Rusiya səfirliyindən bu yalan üçün də cavabını aldı. Ancaq başqa yalan danışmayacağına hələlik inandırıcı bir təminat verməyib.

4. Xocalı barədə növbəti yalanı iki gün əvvəl, əslində, Paşinyan hökumətinin təşkil etdiyi və Xocalı hadisələrinin 28-ci ildönümünə həsr olunmuş konfransda ekspert kimi təqdim olunan Mariya Qriqoryan deyib. Daha doğrusu, dedizdiriblər. Onun sözü – “biz Stepanakertdəki 80 min ermənini xilas etmək üçün Xocalını tutduq, biz Xocalını tutmasaydıq, onlar Stepanakerti tutacaqdılar”. Mariya davam edir – “Stepanakert mühasirədə idi, azərbaycanlılar dinc əhalinin başına bomba yağdırırdılar, yeganə nicatımız Xocalıdakı aeroport idi”.

Yalanlara baxın. Xankəndi nə vaxt və necə mühasirəyə salına bilərdi?! Azərbaycanlıların o vaxt hərbi aviasiyasi var idi ki, ermənilərin başına bomba töksün?! Stepanakert bizim öz torpağımız olduğu və Xankəndi adı ilə tarixi Azərbaycan şəhəri kimi yarandığı halda, onun hansı tutulmasından söhbət gedə bilərdi?! Xankəndinin mifik xilas edilməsi hansı məntiqlə Xocalının silahsız sakinlərini qan dəryasında boğmağa əsas verə bilərdi?!

Xocalını qan dəryasında boğdular, özləri isə yalanlar dəryasında boğulur…”

  • Samir Adıgözəlli: “Bu çabalamanın özündə belə etiraf varsa, deməli, ermənilər Azərbaycanın təbliğatı qarşısında duruş gətirə bilmirlər”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  də “Bakı-Xəbər”ə açıqlamasında ermənilərin yeni çabalarını yersiz adlandırdı: “Xocalı ilə bağlı təbliğatda Azərbaycan Ermənistanı tam üstələyib. Bilirsiniz ki, həmin hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan bir neçə yolla ciddi iş aparır. Bura istər dövlət xəttilə aparılan təbliğatı, istərsə də QHT-lər vasitəsilə aparılanı aid etmək olar. Mən izlədim ki, builki ildönümə dünyanın nüfuzlu KİV-i də geniş reaksiya verdi. Hətta Rusiya mətbuatında faciəni əks etdirən dəhşətli fotolar paylaşıldı. Belə təbliğatın qabağında duruş gətirə bilməyən ermənilər indi də bu yola əl atırlar. Fikir verirsinizsə, hətta bu məsələdə belə ermənilərin gerilədiyi hiss olunur. Əvvəl Xocalının, ümumiyyətlə, onlar tərəfindən törədilmədiyini bildirirdilər. Son versiyalarında isə qətliamın törədildiyini etiraf edirlər, yalnız həmin hadisəyə haqq qazandırmağa çalışırlar. Bu çabalamanın özündə belə etiraf varsa, deməli, ermənilər Azərbaycanın təbliğatı qarşısında duruş gətirə bilmirlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …