Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Türkiyənin İsparta və Akdeniz universitetlərində Xocalıya dair konfranslar keçirilib

Xocalı soyqırımının 28-ci ildönümünün geniş şəkildə anılması məqsədilə Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Milli Qəhrəmanı Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin iştirakı ilə fevralın 26-da İsparta Universitetində bu dəhşətli soyqırımın qurbanları ehtiramla yad edilib.
Əvvəlcə İspartanın mərkəzindəki parkda Xocalı ilə bağlı memorial ziyarət edilib və əklil qoyulub. Sonra İspartanın yetirdiyi böyük dövlət xadimi, Türkiyənin doqquzuncu prezidenti, Azərbaycanın dostu Süleyman Dəmirəlin doğma kəndi İslamköydə onun məqbərəsi və adını daşıyan demokratiya muzeyi ziyarət olunub. Azərbaycan nümayəndə heyətinin İsparta Universitetinin rektor müavini və iqtisadi elmlər fakültəsinin dekanı ilə ayrı-ayrılıqda görüşləri olub. Görüşlərdə və burada keçirilən geniş konfransda İsparta Universitetində uzun illərdən bəri çalışan azərbaycanlı alimlər və pedaqoqlar Arif Babanlı, Gültəkin Babanlı, eləcə də digər Türkiyə və Azərbaycan ziyalıları iştirak ediblər.
İsparta Universitetindəki konfransın təşkilində buradakı Türk əqrəba topluluğu, Türkcə topluluğu, həmçinin, digər milli təmayüllü gənclər qrupları böyük fəallıq və həssaslıqla çalışıblar. Onların təşkil etdiyi bu tədbirdə Xocalı soyqırımı gerçəklərinin bu universitetdə ətraflı dilə gətirilməsinə geniş şərait yaradılıb. Konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emil Həsənli, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli və Milli Qəhrəman Vahid Quliyev məruzələrlə çıxış edərək Xocalı həqiqətlərinin Türk dünyasına və bütün dünyaya çatdırılmasının vacibliyindən, bunun yollarından, görülmüş işlərdən, rəsmi və ictimai müstəvidə atılan addımlardan, qarşıda nəzərdə tutulan işlərdən ətraflı danışıblar.Sonra nümayəndə heyətimiz İsparta Universitetindəki türkcü topluluqları ziyarət edib, buradakı xüsusən gənc fəalların apardıqları ardıcıl işlərlə tanış olublar.
Fevralın 27-də isə Emin Həösənli, Seyfəddin Hüseynli və Vahid Quliyev Antalya Akdəniz Universitetindəki Xocalı konfransında iştirak ediblər. Universitet və fakültə rəhbərliyilə görüşlərdə, eləcə də konfransda Xocalı soyqırımının gerçəkləri, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərin- uşaq, yaşlı, qadın, xəstə və digər cəhətlərinə baxmadan Azərbaycan xalqının günahsız nümayəndələrinin erməni faşistləri tərəfindən amansızca qətl edildi, soyqırıma məruz qaldığı qeyd edilib.
Akdeniz Universitetinin Ədəbiyyat fakültəsindəki konfrans Antalya -Azərbaycan Mədəni Həmrəylik Dərnəyinin və buradakı türkçü-milliiyətçi qurumların iştirakı ilə təşkil edilib. Nümayəndələrimizin bu universitetin rektor müavini professor Mehmet Altunkaya və fakültə dekanı prof. Mustafa Ertürklə də ayrı-ayrılıqda görüşləri olub.Qeyd edək ki, bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Şahanə MÜŞFİQ

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …