Cümə , 10 Yanvar 2025
Drone Cameras

Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinə başlanmasına dair qanun layihəsini təsdiq edib

Paşinyan bildirib ki, ölkənin quruma üzvlüyülə bağlı son qərar ümumxalq referendumunda verilməlidir

Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiqlədiyi bildirilir.

Layihə parlamentin müzakirəsinə göndərilib.

Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Assambleyaya (Ermənistan parlamenti) təqdim ediləcəyini bildirib.

Onun sözlərinə görə, son illər Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik münasibətlər inkişaf edib.

Ararat Mirzoyan qeyd edib ki, Avropa İttifaqı respublikaya siyasi dəstəyini ifadə edib və Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsini dəstəkləməyə hazırdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən quruma üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.

“Qanun qəbul edildikdən sonra biz Aİ ilə hər iki tərəfin təsəvvür etdiyi yol xəritəsini müzakirə etməliyik”, – Paşinyan deyib.

Ötən ilin oktyabrında Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Aİ-ni Ermənistan hökumətinin son illərdə apardığı əsaslı islahatları dəstəkləyən “əsas tərəfdaşı” adlandırıb. Əlavə edib ki, Ermənistan Aİ-yə daha da yaxınlaşmağa hazırdır.

Check Also

Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatının yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə …