Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ermənistan Qarabağda dağıtdığı Azərbaycan irsi ilə bağlı cavabdehlik daşıdığının məsuliyyətini, günahını öz üzərindən atmaq üçün…”

Ermənistan müharibədə ağır məğlubiyyətə düçar olmasına baxmayaraq, hələ də öz məğlubiyyəti ilə barışmaq istəmir, revanşist, saxtakarlıq əməllərini davam etdirməyə meyl göstərir.

Müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də əllərinə keçən fürsətdən istifadə edərək Azərbaycana qarşı qaralama kampaniyası aparırlar. Əsl həqiqəti gizlətmək cəhdlərinə xidmət edən bu addımları Ermənistan Azərbaycana qarşı bütün beynəlxalq təşkilatlar qarşısında atır. Qarabağ münaqişəsi başa çatıb, amma Ermənistan və onun havadarları hələ də beyinlərindəki küyün havasına oynayırlar. Ənənəvi erməni yalanları bütün beynəlxalq təşkilatlarda özünü göstərir.  

Bu dəfə də ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclasında Ermənistan nümayəndələri cəfəngiyyatlar danışıblar.  

Ermənistan nümayəndə heyətinin üzvləri deyiblər ki, Azərbaycanda olan erməni “əsirlərinin” hüquq və azadlıqlarının “pozulmasından”, Dağlıq Qarabağ ərazisində “ermənilərə məxsus” dini, mədəni abidələrin taleyindən narahatdırlar.

Bir sual vermək lazım idi ki, ay erməni, söhbət hansı “əsirlər”dən gedir, yaxud Qarabağda hansı erməni abidəsi vardı ki, onun taleyindən narahatsınız? Heç şübhəsiz ki, ermənilərin yalanları miqyas tanımır, Azərbaycanda nə erməni əsirləri var, nə də Qarabağda erməni abidələri. Bunların heç biri olmadığı halda, Ermənistan nümayəndələri yalan danışmaqdan çəkinməyiblər.

  • “Birinci Qarabağ müharibəsindən Ermənistanda hələ də bizim əsirlərin olduğu gizlin deyil, Ermənistan Azərbaycana şər-böhtan atmaq əvəzinə, bu məsələyə aydınlıq gətirsin”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan nümayəndələri bu yalanı məqsədli şəkildə danışırlar, bununla dünyanı öz yalançı göz yaşlarına yenidən inandırmaq istəyirlər. S.Adıgözəlli hesab edir ki, ATƏT rəsmiləri də, digər beynəlxalq qurumlar da Ermənistanın yalan danışdığını yaxşı bilir, amma özlərinə sərf etdiyi üçün bu yalanlara rəvac verirlər. Politoloq qeyd edir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında da hələ Azərbaycanın qələbəsini həzm edə bilməyən, “münaqişənin bitmədiyi” fikrini əsassız olaraq tirajlayanlar var. Bu baxımdan da onlar Ermənistana öz cəfəngiyyatlarını dünyaya sırımaq üçün imkan yaradırlar. “Əvvəla bunu Ermənistanın içərisində olan revanşist qüvvələrin Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası kimi qiymətləndirmək lazımdır. Ermənilərin ideologiyası yalan və uydurmalardan yoğrulub, illərdir onlar bütün dünyanı yalanlarla aldatmağa çalışırlar. ATƏT PA-nın onlayn iclasında Ermənistan nümayəndələrinin səsləndirdikləri cəfəngiyyatlar onların son çırpıntılarıdır. Artıq məğlub olan və məğlubiyyəti bütün dünya tərəfindən tanınan Ermənistan sonuncu dəfə “əsirlər”in və “erməni abidələri”nin “taleyi”ni gündəmə gətirməklə hansısa təşkilatların onun səsinə səs verəcəyini düşünür və Azərbaycana qarşı hər hansısa bir əsassız addım atılmasını istəyir.

Ermənistan postmünaqişə dövründə yeni bir yalan, qarayaxma mərhələsi açmaq, yalanlarını daha da canlandırmaq niyyəti güdür. Amma bu onların növbəti məğlubiyyəti olacaq. ATƏT PA-da həqiqətin nədən ibarət olduğunu, Azərbaycanda erməni hərbi əsirləri və erməni abidələri olmadığnı çox yaxşı bilirilər. Bu təşkilat 200 il bundan əvvəl ermənilərin Qarabağa və digər Azərbaycan torpaqlarına hansı məqsədlərlə, kimlər tərəfindən köçürüldüklərini də, son 30 ildə Azərbaycana qarşı həyata keçirdikləri bütün terror aktlarını, hərbi cinayətləri də bilməmiş deyil. Bu gün hələ də Ermənistanda Birinci Qarabağ müharibəsi dövründən əsir saxlanan azərbaycanlılar var. Ermənistan azərbaycanlı əsirləri gizlədib və beynəlxalq təşkilatlara onlarla bağlı yalan məlumatlar verib. Bunu da beynəlxalq təşkilatlar çox yaxşı bilirlər. Amma çox təəssüf ki, 30 ildir necə susublar, indi də elə susub erməni yalanlarına qulaq vermək istəyirlər. Amma buna Azərbaycan imkan verməyəcək. Azərbaycan haqq etdiyini əldə edib, qələbə qazanıb və həqiqəti də dünyaya bəyan edib”.

S.Adıgözəllinin sözlərinə görə, Azərbaycan 10 noyabr bəyannanaməsinin bütün bəndlərinə əməl edib, Ermənistandan heç bir hərbi əsir ölkəmizdə yoxdur. Bunu dəfələrlə Azərbaycanın bəyan etdiyini deyən S.Adıgözəlli hesab edir ki, sadəcə, Ermənistan öz yalanlarından, şər-böhtanından əl çəkmir: “Ermənistan məğlubiyyətini nə ilə sığortalayacağını bilmədiyi üçün bu cür yalanları uydurur. Qarabağda hər hansı bir erməni irsi, abidəsi yoxdur. Onların burada bir abidələri vardı. Söhbət 1978-ci ildə Ağdərədə Azərbaycan torpaqlarına köçürülmələrinin 150 illiyi münasibətilə qoyduqları “Marağa-150” abidəsindən gedir ki, onu da 1988-ci ildə münaqişənin ilk dövründə özləri yerlə yeksan edib dağıdıblar. Bununla da bura hansı tarixdə gəldiklərinin izini itirməyə çalışıblar. Məsələ burasındadır ki, Ermənistan Azərbaycan abidələrinə, dini, maddi-mədəni, tarixi irsinə divan tutub, onları vandalcasına dağıdıb. Bunun cavabını verməlidirlər. Ermənistan Qarabağda dağıtdığı Azərbaycan irsi ilə bağlı cavabdehlik daşıdığının məsuliyyətini, günahını öz üzərindən atmaq üçün uydurma iddialarla çıxış edir.

O beynəlxalq təşkilat həqiqətən də insan hüquq və azadlıqlarının keşiyində durursa, onda Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir.

Birinci Qarabağ müharibəsindən Ermənistanda hələ də bizim əsirlərin olduğu gizlin deyil, Ermənistan Azərbaycana şər-böhtan atmaq əvəzinə, bu məsələyə aydınlıq gətirsin.

Həqiqət ondan ibarətdir ki, nəinki abidələrə, təbiətimizə belə düşmən münasibət bəsləyib, onları dağıdıb, məhv edib, mənimsəyib” – deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …