Ermənistan sakinləri baş nazir Nikol Paşinyanın başçısı olduğu “Mənim addımım” parlament fraksiyasının deputatlarının yaşadıqları binaların qarşısında etiraz aksiyalarının sayını artırırlar.
Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, vətəndaşlar hakim fraksiyadan olan deputatların evlərinin qarşısında yeni etiraz aksiyaları keçirərək, onları vətənə xəyanətdə və digər cinayətlərdə ittiham edirlər.
Növbəti aksiyalardan biri parlamentin vitse-spikeri, “Mənim addımım” parlament fraksiyasının deputatı Alen Simonyanın evinin qarşısında keçirilib. Aksiya iştirakçıları ucadan “Alen Simonyan, sizin kimi satqınlara, ölkəmizdə yer yoxdur”, – deyiblər.
Belə aksiyalar eyni zamanda “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunsun, Mxitar Ayrapetyanın, Amazasp Danielyanın, Andranik Koçaryanın, Mikayel Zolyanın, Sarqis Xandanyanın, Narek Zeynalyanın və Ruben Rubinyanın evlərinin qarşısında keçirilib.