Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayışdan 2 həftədən çox vaxt keçməsinə, əməliyyat-axtarış tədbirlərinin dayandırılmasına baxmayaraq, ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hələ də hadisə yerində növbətçilik edir.
Boyukmillet.com xəbər verir ki, bunu NEWS.am-a açıqlamasında Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan deyib.
“İstintaq komitəsi fəaliyyətini başa vurduqdan sonra, binanın gələcək məsələsini mülkiyyətçinin necə həll edəcəyi bəlli olacaq, müvafiq olaraq, biz də növbətçiliyi dayandıracağıq. Bir vətəndaş itkin düşmüş hesab olunur, faktiki olaraq o, partlayışın episentrində olub, xilasedicilər onu tapmayıb, barəsində istintaq komitəsinin rəyi veriləcək”, – o bildirib.
Xatırladaq ki, avqustun 14-də ticarət mərkəzində pirotexniki vasitələr olan anbar partlayıb, nəticədə 2,8 min kvadratmetrdən çox sahəsi olan üçmərtəbəli bina qismən dağılıb. Partlayış nəticəsində 16 nəfər ölüb. Ölənlər arasında hamilə qadın və azyaşlı uşaq da var.
Hadisə zamanı paytaxtın müxtəlif tibb mərkəzlərinə yerləşdirilən uşaqlar da daxil olmaqla ümumilikdə 62 nəfər xəsarət alıb.
Partlayışla bağlı cinayət işi üzrə 3 nəfər saxlanılıb.
Avqustun 17-18-də Ermənistanda matəm elan edilib.