Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ermənistandakı mitinqlər dövlətçilik yox, Paşinyanı devirmək üçündür” – Samir Əsədli

“Paşinyan Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür”

Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada növbəti görüş baş tutub. Görüşlə bağlı bəyanat yayan Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, nümayəndələr iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər. 

Konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub: “Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarlayıblar”.

Qeyd edək ki, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür. Ankara ilə İrəvan arasındakı normallaşma prosesi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Ermənistanın Azərbaycana məğlub olmasından dərhal sonra Türkiyə İrəvanla münasibətlərin normallaşması mesajını verməyə başlayıb. Ermənistan tərəfi də seçkilərdən sonra Türkiyə ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib. 

Partiya təmsilçisi qeyd edib ki, həm Türkiyə, həm də Ermənistan sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını bəyan ediblər. İki tərəf də bunun üçün qarşılıqlı xüsusi nümayəndələr təyin edib: “Tərəflər həmçinin yol xəritəsi yaratmağa çalışacaqlarını və 2009-cu ildə imzalanmış ikitərəfli protokola oxşar bir sazişin gündəmdə olacağını bildiriblər. Türkiyə də bu təşəbbüsün hər addımında Azərbaycanla birgə hərəkət edəcəyini və “Bir millət, iki dövlət” anlayışına xələl gətirməməyə çalışacağını bəyan etməklə bu məsələdəki həssaslığını nümayiş etdirib. Rusiyanın bölgədəki təsirini zəiflətmək üçün Türkiyə-Ermənistan yaxınlaşmasının ABŞ tərəfindən irəli sürüldüyü deyilir. 2021-ci ilin oktyabrında Romada keçirilən G-20 Sammitində Türkiyə-ABŞ liderlərinin ikitərəfli görüşündə bu mövzunun müzakirə edildiyi bildirilir. Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanın erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən yeganə insan Baş nazir Nikol Paşinyandır. Paşinyan tez-tez Xankəndidəki separatçı erməni qüvvələrinin reallıqlara uyğun olmayan iddialarının, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sayğısız yanaşmalarının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmanın da önündə ən böyük əngəl kimi durduğunu görür. Erməni xalqına bütün çılpaqlığı ilə gerçəklikləri izah etməyə, onlara sülh dövrünün şərtlərini bildirməyə cəhd göstərir”.

S.Əsədli hesab edir ki, Paşinyanın Türkiyə ilə normallaşma cəhdləri keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından olan Robert Koçaryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngü ilə qarşılanır: “Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınan terrorçu Araik Arutyunyan Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam edir. Koçaryan isə Türkiyə ilə normallaşmanın, sərhədlərin açılması və ticarətin canlandırılmasının Ermənistana bir fayda gətirməyəcəyini bəyan edərək düşmənçiliyi davam etdirmək, soyqırım yalanını yaymaqda israr etməkdədir. Yaxın keçmişdə keçirilən seçkilərdə Paşinyana məğlub olmalarına baxmayaraq revanşistlər yenidən baş nazirin istefasını tələb etməkdə, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin həyata keçirilməsinə, sülh sazişinin imzalanmasına qarşı çıxmaqdadırlar. İndiki iqtidar Ermənistanın xilasını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür. Müxalifət isə əslində heç bir konsepsiya olmadan Paşinyan hakimiyyətini satqınçılıqda, xəyanətdə ittiham edir. Göründüyü kimi, erməni revanşistlərinin təxribat cəhdlərinin arxasında bu ölkənin hakimiyyət hərislərinin fəaliyyəti dayanır. Ölkədə bir qrup şəxsin mitinqlər keçirməsi dövlətçilik naminə deyil, Paşinyan hakimiyyətinin devrilməsi məqsədindən irəli gəlir. Amma gözüaçıq cəmiyyət tam olaraq anlayır ki, bu etirazların arxasında duran sarkisyançıların və koçaryançıların əsas niyyəti yenidən vəzifəyə sahiblənməkdir”.

Check Also

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin …