Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Eşitmişdim şorgözdü, dedim Telman mənə əl vurmasın” – Firəngiz Mütəllibova

Xalq artisti, milyonların sevimlisi Telman Adıgözəlovun 70 yaşı tamam oldu və bu günü onsuz qeyd etdik. 

Deyilənə görə, hər ad günündə kövrələrmiş, gözləri dolarmış. Ömrünün qısa olacağını hiss edirmiş bəlkə də. Həyatı boyu 57 rəqəmindən qorxan bu möhtəşəm aktyor 57 yaşında həyatla vidalaşıb. Ürəyinə daman qorxu səbəbsiz deyilmiş. Ürəklərə sevinc verən adam ürəktutmasından dünyasını dəyişib. Ölümündən sonra biliblər ki, ürək damarlarında tromblaşma gedirmiş, amma həkimlər onu ürəyindən yox, ostroxondrozdan müalicə edibmiş.

Boyukmillet.com xəbər verir ki, aktyorun yaxın dostu, Xalq artisti Firəngiz Mütəllibova Lent.az-a onunla bağlı xatirələrini danışıb:

 “Telman bu fobiyasına görə, avtomobilinin 57 ilə bitən nömrə nişanını da dəyişmişdi. 57 yaşında ürək tutmasından dünyasını dəyişdi. Çox gözəl insan idi Telman. Çox gözəl geyinərdi. Deyirdi, aktyor baxımlı olmalıdır. Hərdən dostları deyəndə ki, dişlərini düzəltdir, deyirdi, “diş həkimindən qorxuram. Dişimə iynə vursalar  stoldan qalxmayacam”. Baxmayaraq ki, öz qızı da diş həkimi idi, amma bu qorxusunu yenə bilmirdi”,- deyə Firəngiz xanım bildirib.
“O hamının dərdinə yanan, fikrini çəkən adam idi. Hər kəs Telmanı gülüb-danışan, məclis adamı kimi görürdü, amma əslində çox fikir edən, hər şeyi ürəyinə salan insan idi. Çox ürəyiaçıq, şən, hazırcavab, mülayim insan idi. Kömək eləməyi sevirdi. Dostlarla məclisdə oturanda  hamı  elə bilərdi ki, içib. Halbuki ağzına bir damla da içki dəyməzdi, içən deyildi. Zarafatla deyirdi ki, məclisdəkilər içir, mən sərxoş oluram. Hələ də teatra girəndə elə bilirəm, qapılardan birindən çıxıb, “Firoş” deyə məni səsləyəcək”,- deyə aktrisa  qeyd edib.

 Firəngiz xanım Telman Adıgözəlovla ilk tanışlıqları barədə də məzəli xatirəsini bölüşüb: 

“Biz universitetdə oxuyanda hamı deyirdi ki, yaman çox sevgililəri var. Yaraşıqlı, populyar adam idi. Qadınların ürəyi gedirdi onun üçün. Hamı elə bilirdi ki, Telman şorgöz adamdır. Mənim də ağlıma batmışdı. Ona görə, onunla ilk dəfə tamaşada oynayanda rejissora tapşırmışdım ki, ona deyin mənə əl-qol atmasın. Toxunmasın. Sonralar rejissor bizi teatrda qol-qola, öpüşüb-görüşən görəndə zarafatla deyirdi, sizi çəkib hamıya göstərəcəm. Telman nəinki Akademik Milli Dram Teatrının, eləcə də ölkənin ən namuslu, düzgün kişilərindən biri idi. Haqqında gəzən şaiyələr hamısı yalandır. Onun nə sevgilisi var idi, nə də gözü orda-burda deyildi. Ona görə çox sevilirdi. Ona görə dəfnində elə böyük izdiham oldu. Bildiyimə görə, eşidib gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb, hətta polislər Fatmayı kəndinə qədər olan yolu bağlamağa məcbur olublar”. 

“Çox hazırcavab idi. İfa etdiyi monoloqlara özündən çox şey qatırdı. Belə istedad bir onda idi, bir də Yaşar Nuridə. Onların ifasında, xarakterlərində xüsusi kolorit var idi. Telmanın yeri həmişə görünəcək”,- deyə Xalq artisti bildirib.

Aktyorun oğlu Tural Adıgözəlov da atası ilə bağlı xatirələrini Lent.az-la bölüşüb:

“Atamın çoxlu dostları var idi. Ciddi insan idi. Zarafatın deyib-gülməyin yerini bilirdi. Onunla keçən hər anımız unudulmazdır. Dostları zəng edirlər, yada salırlar. Teatrdan tək-tük adam hərdən yada salır. Amma bu gün Mədəniyyət Nazirliyindən zəng gəlməyib”, – deyə o qeyd edib.

Tural Adıgözəlov bildirib ki, Telman Adıgözəlovun ocağında onun adını yaşadan 9 yaşlı nəvəsi var. Balaca Telmanın incəsənətə böyük marağı olsa da, babasının yolunu gedib-getməyəcəyini zaman göstərəcək.

Check Also

Atatürkün “ən böyük əsərim” adlandırdığı Türkiyə Cümhuriyyəti 101-ci ildönümünü qeyd edir

Mustafa Kamal Atatürkün “ən böyük əsərim” adlandırdığı Türkiyə Cümhuriyyəti 101-ci ildönümünü qeyd edir. Qeyd edək …