Cümə , 26 Aprel 2024
Drone Cameras

Fərəc Quliyev:Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda mətbuat, internet, söz azadlığı var

İSTİQAMƏT: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasimədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

İnsanların hüquq və azadlıqlarının müdafiəsi bütün zamanlarda ən aktual mövzulardandır.

Bu sahədə müəyyən problemlərin olduğu heç kimə sirr deyil. İnsanların hüquq və azadlıqlarının təminindəki problemlərin əsas iki səbəbi var. Bunlardan biri bir sıra aidiyyəi dövlət qurumlarının bilərəkdən və ya bilməyərəkdən insanların hüquqlarını pozmasıdır. Digər səbəb isə insanların əksəriyyətinin özünün hüquqlarını bilməməsidir ki, bu da hər zaman ciddi problemlər yaradır. Ölkədə aparılan məhkəmə islahatları bu sahədə olan problemlərin aradan qaldırılmasını hədəfləsə də, hələ də müsbət nəticəyə əldə olunmayıb.

Bu isə insanların sosial və siyasi fəallığını ciddi şəkildə aşağı salır. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin, bütün qərarlarında dövlətin yanında olduğunun şahidi olduq. Bu məqamın özü cəmiyyətin sosial və siyasi fəallığa maraqlı olduğunu göstərir. Amma insanların hüquq və azadlıqlarının təminində bir sıra alt qurumların, xüsusilə də məhkəmələrin ciddi nöqsanlara yol verməsi ölkədə çox fərqli bir mənzərə yaradır. Bu cür problemlərin aradan qaldırılması üçün zaman-zaman addımlar atılsa da, bəzi məmurların özfəaliyyəti görülən işin müsbət nəticəyə çatmasını əngəlləyir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, son illər ölkədə gedən islahatlar bir-birinə bağlı olan zəncir həlqələridir:

“Yəni bir sahədə islahat gedir, digər sahədə dayanırsa, bütövlükdə islahatlar zəncirinin qırılması baş verir. O mənada hesab edirəm ki, həm iqtisadi, həm sosial sahələrdə götürülən kurs doğrudur. Hazırda bizi tam qane etməyən mənzərə olmaya bilər. Bunun pandemiya, müharibədən çıxmağımız, bəzi qurumların bacarıqsızlığı və bir sıra məmurların dövrün tələblərinə uyğun davranmaması kimi səbəbləri var. Əslində dövrün tələblərinə uyğun işləməyi bacarmayanlar vəzifədən getməlidirlər. Amma prinsip etibarı ilə götürülən xətt doğrudur. İslahatların mahiyyətində isə əsas olan odur ki, dövlətin doktorinasına uyğun olaraq insanların rifah halı yaxşılaşsın. Rifah halının yaxşılaşması, insan haqlarının təmini birmənalı şəkildə suverənliyə bağlı olan məsələdir. Biz 30 il ərzində ərazilərimizi itirmişdik. Bu illər ərzində insanlarımızın əmlak hüququna ciddi zərbə dəydi. Dünya buna susdu. Bir milyondan çox vətəndaşımızın əmlak hüququ tapdalandı. Onların hüquqları dünya tərəfindən bərpa olunmadı, onlara yaradım edilmədi. Ermənilər tərəfindən insanlarımızın evləri talan edildi. Xeyli sayda insanlarımız itkin düşdü. Bu günə qədər 4 min nəfərin taleyi məlum deyil. O insanların seçki hüquqları pozuldu. Yerlərdə bələdiyyələr qura bilmədilər. Amma biz Zəfərimizdən sonra bu sahədə məsələləri həll edə bildik”.

Partiya sədri bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda mətbuat, internet, söz azadlığı var:

“Kiməsə dediyi sözə, siyasi fəaliyyətə görə təpki yoxdur. Amma hesab edirəm ki, siyasi islahatların da dərinləşməsinə ehtiyac var. İlk növbədə ölkədə yerarxik durumda dəyişikliyin olması vacib şərtdir. Şişirdilmiş aparatdan imtina olunmalıdır. 10 illərdir deyirəm ki, Nazirlər Kabineti ləğv olunmalıdır. Bu, çox vacib məsələdir. Hazırda real bir mənzərə yaranıb ki, Nazirlər Kabinetini ləğv etmək mümkündür. Çünki ölkədə vitse-prezidentlik institutu var. Nazirlər Kabinetinin bütün səlahiyyətləri vitse-prezidentlik institutuna verilə bilər. Digər tərəfdən isə yerli idarəetmədə bələdiyyələrin fəaliyyətinə üstünlük verilməlidir. Çünki əgər biz iştirakçılığı və ictimai nəzarəti doğru-dürüst təmin etmək istəyiriksə, insanların seçkili qurumlarda məsuliyyəti üzərinə götürməsi təşkil olunmalıdır. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin böyük bir hissəsi bələdiyyələrə verilməlidir. Belə olarsa, iştirakçılıq da, ictimai nəzarət də təmin olunacaq”.

F.Quliyev əlavə edib ki, başqa bir məsələ ölkənin gəlirlərinin bərabər şəkildə bölünməsidir:

“Burada hamıya pul paylamaqdan söhbət getmir. İş yerlərinin açılması, bahalaşmaya uyğun indeksləşmənin aparılması, təqaüdlərin, minimum əməkhaqqının səhmana salınması çox mühüm məsələlərdir. Bu məsələlər həll olunmadan ədalətli durum yaranmayacaq. Qısa zaman ərzində Rəqabət Məcəlləsi qəbul olunmalıdır ki, orta və kiçik sahibkarlıq inkişaf etsin. Bazarda normal rəqabətin olması üçün monopoliyanın aradan qaldırılması vacib şərtdir. Hesab edirəm ki, bu istiqamətdə islahatlar gedir və kadrların doğru yanaşması olarsa, ortaya qoyulan konsepsiya həyata keçirilərsə, cəmiyyətin məmnunluğu da artar”.

Göründüyü kimi, ölkədə aparılan islahatlar bu sahədə gözlənilən nəticələri əldə etməyi hədəfləyib. Amma hələ də problemlər qalmaqdadır. Daha dolğun nəticə əldə etmək üçün bütün sahələrdə aparılan islahatların daha da dərinləşməsinə, yeni reallıqlarla ayaqlaşa bilməyən qurumların, məmurların dəyişməsinə ehtiyac var.

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …