“Rusiya ilə Ukrayna arasındakı müharibə bir daha bizə regional və qlobal təhlükəsizliyin təmin edilməsinin nə qədər vacib olduğunu göstərdi. Rusiya-Ukrayna savaşı başladığı gündən bizi qlobal təhlükəsizliklə bağlı yenidən düşünməyə məcbur etdi”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbul Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
F.Altunun sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemini təhdid edən əsas məsələlərdən biri də toqquşmalardır.
O qeyd edib ki, terrorun hər növünə qarşı mübarizə aparılmalıdır: “Terror qruplaşmalarına fərq qoyulmamalıdır. Bu mənada biz terrorla mübarizə sahəsində nümunə ortaya qoymuşuq. Mübarizəmiz nəticəsində terrorçuları həm sərhədlərimiz daxilində, həm də sərhədlərimiz xaricində məhv etməkdəyik. Təəssüf ki, Türkiyə terrorla mübarizədə tək qoyulur. Bu azmış kimi, bizim müttəfiqlərimiz terrorçuları dəstəkləyir. Ancaq bizim terrora qarşı mübarizəmiz davam edəcək. Bilmək lazımdır ki, terrorçudan müttəfiq olmaz”.
F.Altunun fikrincə, Türkiyənin müdafiə sənayesi sahəsindəki nailiyyətləri terrorla mübarizənin uğurla həyata keçməsinə şərait yaradır: “Biz beləliklə, regional təhlükəsizliyi də təmin edə bilirik. Türkiyə başa düşür ki, regional təhlükəsizlik həm də qlobal təhlükəsizliyin açarıdır. Məhz Türkiyənin vasitəçiliyi nəticəsində Ukrayna ilə Rusiya arasında “Taxıl sazişi” imzalandı. Ankara bundan sonra da vasitəçilik rolunu davam etdirəcək”.
O bildirib ki, Türkiyə fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyətin ciddi dəstəyini hiss etdi: “Beynəlxalq ictimaiyyət təbii fəlakətlərlə mübarizə ilə bağlı əməkdaşlığı gücləndirməlidir”.
F.Altun söyləyib ki, həmçinin qlobal istiləşmənin qarşısını almaq üçün müvafiq tədbirlər görülür: “Bu gün pandemiya da dünya ölkələrinə ciddi təsir edir. Məsələn, koronavirus pandemiyası beynəlxalq risk mənbəyidir. Bütün dünya koronavirusun təsirləri ilə üz-üzə qaldı. Amma biz bu sınaqdan da üzüağ çıxdıq”.
PA rəsmisinin sözlərinə görə, Türkiyə pandemiya dövründə həm də dost və qardaş ölkələrə dəstək oldu: “Bununla yanaşı, biz vaksinimizi də istehsal etdik”.