Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bildirilib ki, xidmət tərəfindən Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində, sözügedən rayonda inşaat işləri davam etdirilən “İstisu” mineral su zavodunda, “Azərenerji” ASC-nin “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” su elektrik stansiyalarında, həmçinin tikilməkdə olan yaşayış binalarında, Dəmirçidam kəndinin Söyüdlü yaylağında, eləcə də İstisu qəsəbəsində tikintisi davam etdirilən sanatoriya kompleksində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib:
“Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz saxlanılması, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə olmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb”.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.