Bazar ertəsi , 16 Sentyabr 2024
Drone Cameras

FHN tərəfindən şəhid övladları üçün “açıq qapı günü” keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı günü” keçirilib.

Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Xaçmaz, Quba və Qusar Rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, 30 ilə yaxın müddətdə düşmən işğalında olan dədə-baba torpaqlarımızın azad olunduğunu fəxarət hissi ilə qeyd ediblər. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin tarixi qəhrəmanlıqları heç zaman unudulmayacaq.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Xaçmaz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.

Check Also

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik …