ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) Azərbaycanlı Tələbələr Assosiasiyasınım təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycanın bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
FIU-də təhsil alan Azərbaycanlı Tələbə Assosiasiyasının rəhbəri Aydın Eminov qonaqları ölkəmizin müstəqillik tarixi haqqında məlumatlandırıb.
Bildirib ki, tarixin bütün dövrlərində çətin və əzablı sınaqlardan keçən Azərbaycan xalqı öz müstəqilliyinə qanı və canı bahasına sahib çıxıb.
Həmyerlimiz ölkəmizdə müxtəlif mədəniyyətlərdən və dinlərdən olan xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını deyib, ölkəmizin qonşu ölkələrlə olan dostluq, qardaşlıq münasibətlərindən danışıb.
A.Eminov tədbirdə iştirak edən dünyanın müxtəlif ölkələrindən olan tələbələrin (Argentina, Uruqvay, Kolumbiya, Peru, Rusiya, Türkiyə) ölkəmizlə bağlı suallarını cavablandırıb. Əcnəbi tələbələri maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş olunub.