Cümə , 19 Aprel 2024
Drone Cameras

Fransa 30 ildən çoxdur ki, terrorçunu, işğalçını sinəsinə basıb əzizləməklə məşğuldur

Samir Adıgözəlli: “…Bu bədnam qətnamə göstərir ki, Fransanın Azərbaycana qarşı düşmən münasibətinin kökü dərindədir”

Fransanın Azərbaycana qarşı qərəzli münasibəti get-gedə daha da şiddətlənir. Bu ölkənin rəsmi orqanları, o cümlədən də Senatı bütün vasitələrdən istifadə edərək Azərbaycana qarşı bədnam sənədlər qəbul edir. Doğrudur, bu qətnamələrin, sənədlərin elə də gücü yoxdur, bir qayda olaraq icra edilmədən kağız üzərində qalır. Amma bütün hallarda Fransanın Azərbaycana münasibətini göstərir.

Azərbaycan mediasının yaydığı məlumata görə, Fransa Milli Assambleyası Azərbaycan əleyhinə yeni  qətnamə qəbul edib.

Qeyd edilir ki, ölkə parlamentinin aşağı palatasında “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən sənəd yekdilliklə qəbul olunub.

256 deputat qətnamənin lehinə səs verib.

Qeyd edilənə görə, qətnamə layihəsinin həmmüəllifləri Makronun “Renessans” partiyasından olan deputatlar olub.

Mövzuya şərh verən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bu qətnamənin heç bir siyasi təzyiq gücü olmasa da, Fransanın Azərbaycana qarşı düşmən münasibətinin göstəricisidir. S.Adıgözəlli qeyd etdi ki, bu qətnamə də noyabrın 30-da Senatda qəbul olunan bədnam sənədin davamıdır.  Bunun Fransanın növbəti təxribatı olduğunu deyən S.Adıgözəlli hesab edir ki, son 30 ildə Fransadakı qüvvələr təxribatla, Azərbaycana şər-böhtan atmaqla məşğul olub. “Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamənin bizim üçün heç bir hüquqi əsası yoxdur. Biz bunu təxribatdan və cəfəng bir qərardan başqa bir şey hesab etmirik. Tərəfimizdən Fransa təşkilatının əsassız iddiaları birmənalı olaraq rədd edilir. Təbii, Fransanın bu cür təxribatları Ermənistanı, öz “kiçik bacısı”nı açıq şəkildə müdafiə etməsindən irəli gəlir, bu ölkə 30 ildən çoxdur ki, terrorçunu, işğalçını sinəsinə basıb əzizləməklə məşğuldur. Bu baxımdan, Fransa Milli Assambleyasının belə təxribatçı, qərəzli qətnamə qəbul etməsindən təəccüblənmək lazım deyil.  Təsəvvür edin ki, uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin həlli üçün heç bir görmədi, işi-gücü Ermənistanı himayə etmək, Azərbaycana ədalətsiz etmək oldu. Hər addımda Ermənistanın terrorçu, işğalçı addımlarını dəstəklədi”.

S.Adıgözəlli qeyd etdi ki, Azərbaycanın ədalətli mövqeyi mütəmadi olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. İSBAM sədri qeyd edir ki, Fransanın bizə mövqeyi, münasibəti cavabsız qalmamalıdır, Azərbaycan bütün hallarda bu ölkə ilə bütün əməkdaşlıq əlaqələrini nəzərdən keçirməlidir. Onun sözlərinə görə, Fransaya əməlli-başlı gözdağı verilməsə, biz bu bəyanatlarla, açıqlamalarla irəli gedə bilmərik. S.Adıgözəlli xatırlatdı ki, bir müddət əvvəl Milli Məclisdə Fransa Senatının təxribatçı qətnaməsi ilə bağlı bəyanat qəbul edilib və o bəyanatın bütün bəndləri icra olunmalıdır ki, bu ölkə nəhayət, dərs götürsün. “Təbii, Azərbaycan tələsmədən, təmkinli şəkildə bu məsələlərə baxmalıdır, bütün sahələrdə olan əməkdaşlıq əlaqələrini nəzərdən keçirməlidir. Fransa şirkətlərinin fəaliyyətini dondurmaq da mümkündür, digər addımlar atmaq da olar. Azərbaycan rəsmi səviyyədə Fransa ilə bağlı sərt qərar qəbul etməkdən çəkinməməlidir. Çünki Fransa Senatının, eləcə də Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdikləri bədnam qətnamələr başqa Avropa ölkələri üçün də pis presedentlər yarada bilər. Başqa Avropa ölkələrində də ermənipərəstlər hökumətə təzyiq göstərib bu cür qətnamələrin qəbul edilməsinə nail ola bilər. Fransanın bu pis əməlindən “ilhamlanan”lar ola bilər. Bu səbəbdən də artıq Fransaya qarşı sərt qərar qəbul edilməlidir”.

S.Adıgözəlli qeyd etdi ki, proseslər göstərir ki, Avropadakı Türkiyə-Azərbaycan diapor təşkilatlarının birgə fəaliyyətinə ciddi ehtiyac var, onlar təşkilatlanmalı, birgə hərəkət etməlidir. İSBAM sədri hesab edir ki, bu cür qətnamələrə qarşı onlar birgə mübarizə aparmalıdır. O qeyd edir ki, Türkiyə və Azərbaycan birgə anti-türk mövqeyi sərgiləyən Fransaya qarşı birgə addım atmalıdır. “Fransada qəbul edilən son bədnam qətnamələrlə bağlı Türk Dövlətləri Təşkilatında, eləcə də İslam Əməkdaşlıq Təşkilatında, başqa qurumlarda müzakirlər keçirilməli və qərarlar qəbul edilməlidir. Bütövlükdə, Milli Assambleyanın qəbul etdiyi bu bədnam qətnamə göstərir ki, Fransanın Azərbaycana qarşı düşmən münasibətinin kökü dərindədir.

Onu da deyim ki, Fransa Milli Asambleyasının bu bədnam qətnaməsi də, digər təxribatlar da Ermənistan və Azərbaycan arasında sülhün yaranmasına qarşıdır. Bu, sülhün yaranmasına böyük zərbədir”-deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA  

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …