Şənbə , 27 Aprel 2024
Drone Cameras

“Fransada baş qaldıran islamofobiya siyasəti elə bu ölkənin özü üçün də yaxşı heç nə vəd etmir”

Samir Adıgözəlli: “Həmin məscidin divarlarına yazılanları islama qarşı nifrətin təzahürü kimi qiymətləndirmək olar”

Fransa türkəfobiyanın və islamofobiyanın tüğyan etdiyi ölkə kimi özünü göstərməkdədir. Bu dövlətin siyasəti bütövlükdə anti-türk, anti-islam mövqeyi ilə seçilir və vaxtaşırı olaraq İslam və türk dünyasına qarşı bu ölkədən hədyanlar eşidirik. İslam dini, məsdidlərlə bağlı göstərilən davranışlar da göz önündədir.

KİV-lərin yaydığı məlumata görə, Orne departamentinin Fler kommunasında yerləşən Fransa-Türkiyə məscidinin divarlarında anti-islam və neonasist yazıları peyda olub.

Məscidin divarlarında “İslam, Avropadan get!” şüarları yazılıb və “Şarleman diviziyası” (Nasist Almaniyasının SS qoşunlarının birləşməsi) sözləri yazılıb.

Bildirilir ki, Fransa AB-də müsəlmanların ən çox əhalisi olan ölkədir. Burada müsəlmanların dini azadlıqları daima islamofoblar və dünyəvilər tərəfindən ayrıseçkiliyə və hücuma məruz qalır.

Mövzuya şərh verən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu hal zaman-zaman Avropa ölkələrində, xüsusilə də Fransada olub. “Fransada islamofobiya müxtəlif dövrlərdə həmişə olub, son dövrlər isə bu daha çox dövlət siyasəti olaraq boy göstərir. Müsəlmanlara, türklərə qarşı ayrıseçkilik edilib, bu gün də edilir. Təəssüflər olsun ki, dünyada baş verən gedişatlar, münaqişələr fonunda Fransa yenidən Avropada özünün “söz ağalığını” qoruyub saxlamaq üçün əl-ayağa düşüb. Təbii ki, hər bir dövlət özünün irsində olan xisləti ortaya çıxarır. Bu baxımdan, Fransa da öz imperiya maraqlarını, islamofobiyanı, başqa xalqlara qarşı ayrıseçkilik, yuxarıdan aşağı baxmaq xislətini yenə də ortaya qoyub. İslamofobiya Fransanın irsindən irəli gəlir, fransızların müsəlmanlara qarşı soyırımlarını bütün dünya xatırlayır.  Görünən odur ki, Fransa yenə də öz müstəmləkəçi niyyətlərini büruzə verməyə başlayıb. Bu ölkədəki məsciddə baş verən olay, divarlara anti-islam sözlərinin yazılması, islam dininin Avropadan qovulması kimi məsələlərin ortaya atılması təsadüfi deyil. Bu, Fransanın anti-islam siyasətinin və tolerant olmamasının təzahürüdür. Bu hansısa şəxsin, qrupun özbaşına gördüyü iş deyil, əgər belədirsə, fikrimcə, bu, Fransa xüsusi xidmət orqanlarının və hansısa dövlət qurumlarının razılığı ilə təşkil olunmuş haldır. Hər halda bu mənim qənaətimdir. Bəlkə başqa versiyalar da ortaya çıxacaq”.

S.Adıgözəlli hesab edir ki, Avropa ölkələrində islamofobiya kampaniyası bilərəkdən, qəsdən aparılır. O qeyd etdi ki, proses bu şəkildə gedərsə, Fransa və  bəzi Avropa ölkələrinin həyata keçirdiyi  səhv siyasət nəticəsində müsəlmanlara qarşı münaqişələr baş verə bilər. “Bu, Avropa ölkələri, elə Fransanın özü üçün də müsbət nəticələnməz. Bu müsəlmanlar Fransa və başqa ölkələrin vətəndaşlarıdırlar. Onların öz vətəndaşlarına qarşı belə qeyri-insani münasibətlərin göstərilməsi yaxşı nəticələr verməz. Amma biz tarixdən bilirik ki, Fransa kimi dövlətlər özlərinin anti-islam siyasətindən əl çəkməyiblər. Baxın, ermənilərin də qatqısı olduğu bir sıra terror qruplaşmaları müxtəlif illərdə nə qədər terror aktları həyata keçirilib”.

Fransada yaradılan bu terror təşkilatlarının ortaya çıxmasına əsas dəstəyi Fransa xüsusi xidmət orqanlarının verdiyini vurğulayan müsahibimiz hesab edir ki, burada məqsəd müsəlmanlara və türklərə, türk dövlət xadimlərinə, diplomatlarına  qarşı qanlı terror aktları törətmək, müsəlman dini mərkəzlərini, məscidləri dağıtmaq, təhqir etmək olub. “Fransada baş qaldıran islamofobiya siyasəti elə bu ölkənin özü üçün də yaxşı heç nə vəd etmir. Həmin məscidin divarlarına yazılanları islama qarşı nifrətin təzahürü kimi qiymətləndirmək olar”.

Bunu çox təhlükəli hal kimi qiymətləndirən S.Adıgözəlli bildirir ki, bütün islam ölkələri bu məsələyə həssaslıq göstərməlidir, bu müzakirələrə çıxarılmalı, onunla bağlı dünya ictimaiyyətinə müraciətlər edilməlidir.

İradə SARIYEVA

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …