Şənbə , 27 Aprel 2024
Drone Cameras

Fuad Muradova açıq məktub

Ankaradakı dərnək sədri: “Hörmətli Fuad müəllim, ümid edirəm heç olmasa bu məktub sizə yetişəcək”…

Qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən “Anka” Azərbaycan Mədəniyət, Rəqs və sənət klubunun sədri Derya Akdemir media vasitəsi ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə dövlət komitəsinin sədri cənab Fuad Muradova məktubla müraciət edib. “Anka” Azərbaycan Mədəniyyət Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir Ankarada yaranacaq olan Azərbaycan Mədəniyyət evi ilə bağlı bir dəfə cənab Fuad Muradovun elektron hesabına məktubla müraciət etdiyini, lakin bu məktubun Fuad müəllimə yetişmə ehtimalının sıfıra bərabər olduğunu düşündüyündən, məhz bu addımı atmaq məcburiyyətində qaldığını bildirib. D.Akdemir bildirib ki, ilk əvvəl bu məsələni ictimai müzakirəyə çıxarmaq istəmədiyini, lakin hazırda qarşısında başqa çıxış yolunun olmadığını gördükdən sonra bu addımı atmaq məcburiyyətində qaldığını qeyd edib. Bu məktubdan sonra da Azərbaycan mədəniyyətini haqqı ilə təmsil edəcəyini bildirən dərnək sədri bu addımı atarkən Azərbaycan Respublikasının prezidenti, bütün dünya Azərbaycanlılarının lideri cənab İlham Əliyevin hər zaman məmurların etdiyi özbaşınalıqları cəmiyyətə çatdırmaqla bağlı ictimaiyyət nümayəndələrinə etdiyi müraciətdən ilhamlandığını sözlərinə əlavə edib. Dərya Akdemir cənab Fuad Muradova komitə sədri kimi müracət edərkən onun gənc, yüksək intellektə sahib gənc kadr kimi yüksək qiymətləndirdiyini, bir komitə sədri kimi Ankarada baş verənlərdən xəbərdar olmalı olduğunu düşündüyünü xüsusi ilə vurğulayıb. Sizə Azərbaycan Respublikasının Diasporla İş üzrə dövlət komitəsinin sədri cənab Fuad Muradova ünvanlanan həmin məktubu təqdim edirik.
Hörmətli Fuad müəllim!
Əvvəlcə onu qeyd edim ki, bəlkə də bir neçə gün öncə sizə yazdığım məktubun sizə çatdığını düşünmüş olsaydım, sizə qətiyyən media vasitəsi ilə müraciət etməzdim. Çünki mən fərqindəyəm ki, siz əməli işlər görürsünüz və Avropada gördüyünüz işlər də bunun sübutudur. Amma çox istərdim ki, həmin əməli işlər bir an öncə qardaş Türkiyədə geniş vüsət alsın və Türkiyədə diaspora sahəsində hökm sürməkdə olan bu ətalət mühiti artıq başa çatsın. Elə məsələlər var ki, bəlkə də sizdən asılı deyil, amma cənab Prezident İlham Əliyevin bütün sahələrdə islahat apardığı bir zamanda, qardaş ölkədə diaspora sahəsində hökm sürən ətalət mühiti əslində aparılan və anonsu verilən ıslahatlarla düz mütənasib deyil. Təqribən beş ildir beynəlxalq arenada təmsil etdiyim ölkəmin diasporamın vəziyyəti vətəndaşı olduğum ölkədə siz də təqdir edərsiniz ki, belə olmamalıdır. Əlbəttə, sizin sənədsiz Azərbaycanlılarla bağlı göstərdiyiniz hədsiz diqqət bir Azərbaycanlı kimi mənim qəlbimi riqqətə gətirir. Amma Türkiyədə başqa sahələr də var ki, o sahələrlə bağlı sizin bəzi məqamları bilməyinizi vacib edirəm.
Hörmətli Fuad müəllim!
Yazıb sizə bildirirəm ki, 2019 cu ilin sentyabrında Bakıda səfər edərkən Azərbaycan respublikasının Diasporla İş üzrə dövlət komitəsinin sədr müavini Valeh Hacıyev mənimlə görüşdü və V.Hacıyev mənə Ankarada yaradılacaq Azərbaycan Mədəniyyət evinin rəhbəri olmağımı təklif etdi. Bu məsələ ortaya çıxmamışdan öncə Azərbaycan respublikasının Diasporla İş üzrə dövlət komitəsinin sədr müavini hələ mart ayında ikən Ankarada Turan Uygarlığı Türk Hərəkatının qurultayında çıxış edən rəhbəri olduğum Anka Azərbaycan Rəqs və Sənət klubunun rəqs kollektivi ilə görüşdü və mənim gördüyüm işlərdən övgü ilə bəhs etdi və bildirdi ki, Azərbaycanla fəaliyyətləriniz bizi qürurlandırır və mütləq Azərbaycan dövləti sizin bu fəaliyyətlərinizi dəyərləndirəcək. Və Bakıdakı keçirilən görüşdə və daha sonrakı günlərdə də fəaliyyətlərimi yüksək qiymətləndirən Valeh Hacıyev Ankarada yaranacaq mədəniyyət evində məni rəhbər kimi gördüklərini dəfələrlə qeyd etdi və bu prosesdə onlara yardımçı olmağımı istədi. Təbii ki,mən də Azərbaycanın mənə göstərəcəyi etimadı doğruldacağını bildirdim və qeyd etdim ki, onsuz da mən 5 ildir Azərbaycanı dünya səviyyəli festivallarda təmsil edirəm və bundan böyük məmnunluq duyaram ki, Azərbaycan məni belə məsul bir vəzifəyə təmsil edir. Mən Dərya Akdemir Bakıdan döndükdən sonra bir dəfə də Ankarada yerləşən Akar İnternational otelin foyesində Valeh müəllimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bərabər görüşmüşəm. Və bu zaman da yenə Valeh müəllim eyni şəkildə mədəniyyət evinə rəhbərliyin mənə tapşırılacağını israrla vurğulayıb və bildirib ki, bu məsələ elə bir məsələdir ki, imkan daxilində gizli saxlanılmalıdır. Təbii ki, mən də bu gizlilik prosesinə hər nə qədər sadiq qalsam da, amma məcbur bunu rəqs öyrətdiyim tələbələrimə və onların valideynlərinə bildirmişəm. Təbii bu da həm rəhbəri olduğum Anka Azərbaycan Rəqs və Sənət klubunda, həm uşaqlarda, həm də valideynlərdə bir arxayınlıq yaradıb ki, bundan sonra Anka Azərbaycan Rəqs və Sənət klubu fəaliyyətini Azərbaycan Mədəniyyət evində davam etdirəcək. Daha sonra bu proses uzandığı üçün valideynlər uşaqlarını rəqsə göndərməkdən imtina etdilər və beləliklə Anka Azərbaycan Rəqs və Sənət klubu digər mədəniyyət fəaliyyətlərini davam etdirməklə rəqs fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Valeh müəllimlə olan görüşlərdə o da qeyd olunmuşdu ki, mən evin rəhbəri kimi evin bütün fəaliyyət proqramını hazırlayım və eyni zamanda işləyəcək olan komandanı öz inandığım adamlardan formalaşdırım. Təbii ki, bu komanda formalaşdı və hətta 28 29 30 oktyabr tarixlərində Azərbaycan respublikasının Diasporla İş üzrə dövlət komitəsinin əməkdaşı Kənan Məmmədovun da iştirakı ilə mədəniyyət evinin inventarlaşdırılması ilə bağlı proses də başlamış oldu. Bu ərəfədə bütün bunlar baş verərkən necə oldusa proseslərə Ankarada fəaliyyət göstərən uzun illər Azərbaycan Kültür dərnəyində rəqs müəllimi kimi fəaliyyət göstərən Gülçehre Sibel Sarı Sungunun rəhbərlik etdiyi Xəzər Azərbaycan Rəqsləri Dərnəyi daxil oldu və illərlə sırf Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyimə görə məni təhqir edən bu xanım youtube kanalında Azərbaycan respublikasının Diasporla İş üzrə dövlət komitəsinin kanalı olan diaspor tv də mənimlə olunan müsahibənin altında təhqirlər yazdı. Bundan sonra hər halda gələcəkdə Gulçehre xanımın onları da təhqir edəcəyini düşünən Valeh Hacıyev Ankarada yaranacaq mədəniyyət evinin rəhbərliyinə çox hörmətli Giresun Universitetinin keçmiş rektoru prof.dr.Aygün Attarın gətirilməsini uyğun gördü. Bu arada mənə zəng vuraraq bildirdi ki, Gülçehre ümumi işlərə zərər verəcəyi üçün onu prokurorluğa ver ki, sakitləşib otursun. Bundan sonra ümumiyyətlə proses tamam fərqli istiqamətdə davam etməyə başladı və bütün səlahiyyət Aygün xanıma keçdi. Azərbaycan Türkiyə işbirliyi və dayanışma vakfı yenidən formalaşdırıldı. Bu müddət ərzində əsla mənə və dərnəyimə məlumat verilmədi və bu proses mədəniyyət evinin fonda təhvil verilməsi ilə nəticələndi. Yuxarıda da qeyd etdiyim kimi sırf onları söyəcək deyə Gülçehre Sibel Sarı Sungu məşqçi statusu olmadığı və Türkiyə qanunvericiliyinə görə Türkiyə Xalq Rəqsləri federasiyası tərəfindən tanınmadığı halda rəqs kurslarının rəhbərliyinə gətiriblər. İndi də Gülçehre Sibel Sarı Sungu sosial media hesablarında Azərbaycan Mədəniyyət evinin rəqs və sənət başqanı kimi təqdim etdiyi halda komitə əməkdaşı Kənan Məmmədov isə iddia edir ki, Gülçehre Sibel Sarı Sungu qətiyyən belə bir vəzifəyə gətirilməyib və ümumiyyətlə hələ ki, mədəniyyət evində rəqs kursları fəaliyyət göstərməyəcək. Əgər fəaliyyət göstərməyəcəksə komitə əməkdaşı niyə bizim xəbərdarlığımızdan sonra zəng edib Gülçöhrə xanıma onu sildirirlər? Ümumiyyətlə maraqlı olan odur ki, hansı qüvvələr bu xanımın arxasında dayanır ki, o, belə rahatlıqla fondun adından, onun loqosundan istifadə edərək paylaşım edir?
Hörmətli Fuad müəllim!
Bütün bunlar baş verərkən mən Azərbaycan mediasında davamlı olaraq hər zaman olduğu kimi dövlətimizi, dövlətçiliyimizi dəstəkləyən açıqlamalar vermişəm və bunu qətiyyən hər hansı bir vəzifəyə görə etməmişəm. Türkiyədəki Azərbaycanlıların mövcud siyasi dünyagörüşlərini nəzərə alsaq, Azərbaycan iqtidarını heç bir mənfəəti olmadan dəstəkləyən bir insanı küsdürməklə və həmin evə illərlə Azərbycan iqtidarı ilə münasibətləri heç də yaxşı olmayan insanları gətirməklə görəsən nəyə nail olmaq istəyirlər? Təbii ki, həmin insanların sosial mediada olan paylaşımları ilə bu dediklərimizi sübut etmək qeyri mümkündür, çünki bu məsələ gündəmə gəldikdən sonra nə hikmətdirsə hamı bir anda Ümummilli liderin və cənab Prezidentin sadiq davamçısına çevrildi və paylaşımlarda hər kəs Azərbaycançılıq ideyalarına sadiq olduqlarını nümayiş etdirməyə başladılar. Amma çox qəribədir bu ilin dekabrında Ankara Heydər Əliyev Parkında Ulu öndər Heydər Əliyevin anım günündə cənab səfir Xəzər İbrahimdən, çox hörmətli millət vəkili Şamil Ayrımdan, səfirlik əməkdaşlarından və tək qeyri hökümət təşkilatı kimi Anka Azərbaycan yəni AnkaDer dən başqa heç kimi görə bilmədik. Bəs harda idi bu Azərbaycan aşiqləri? Azərbaycan yaxşıdırsa, onu bu günlərə gəlib çatmasında əməyi olan Ulu öndər niyə pis olur? Və onun xatirəsinin harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı üçün əziz olduğunu hər halda bu “Azərbaycan sevdalıları” bilmirlər.
Bəzən öz özümə fikirləşirəm: necə ola bilər ki, Azərbaycanlı həkimlər dərnəyinin axşam yeməyini Azərbaycan respublikasının Diasporla İş üzrə dövlət komitəsi təşkil edir, amma səhnədə illərdir Azərbaycana birmənalı münasibət bəsləməyən, yalnız bu məsələ ortaya çıxandan sonra bir anda yuxarıda da qeyd etdiyim kimi dövlətçi olan bir rəqs və musiqi kollektivi səhnə alır? Bir anlığına düşünürsən ki, hər halda bu yeni strategiyadır, amma belə olmadığı hər halından bəllidir. Biz bilirik ki, bu sırf Gülçehre Sibel Sarı Sungunun onları söyəcəyindən qorxduqlarından dolayı baş verir və bir az daha dərinə getsək müəyyən qüvvələri öz tərəflərinə çəkmək məqsədi güdür. Nəzərə alsaq ki, Türkiyə Avropa deyil və burda yaranacaq Azərbaycan evinin fəaliyyəti qardaş ölkə ilə münasibətlərimizə birbaşa təsir edəcək o zaman bu prosesin önəmi daha da ortaya çıxmış olar. İllərdir yarıtmaz diaspor fəaliyyətləri ilə Türkiyədə Azərbaycançılığa yetərincə zərbə vuran, Azərbaycanı ancaq maddi qaynaq kimi görən diaspor təşkilatlarından fərqli olaraq biz Türkiyədəki fəaliyyətimizlə hər zaman Azərbaycan dövlətinin, dövlətçiliyinin, sizin bir gənc kadr kimi Azərbaycan respublikasının Diasporla İş üzrə dövlət komitəsinin sədri kimi fəaliyyətlərinizin, gördüyünüz işlərin dəstəkçisi olmuşuq və bundan sonra da eyni ruh ilə fəaliyyətimizi gücümüz çatdıqca davam etdirəcəyik. Biz sadəcə küsdürülmək istəmirik və fəaliyyətimizi dövlətimizə sədaqət prinsipləri üstündə qururuq. Bu yöndə çalışan insanları küsdürməkdənsə, həmin Azərbaycan evinə həmin “Azərbaycan sevdalıları”nı orda görmək istəyənlər bir anlığına bizim 15 iyun milli qurtuluş günündə Ankarada heç kimdən dəstək almadan 5 ölkənin iştirakı ilə həyata keçirdiyimiz sənət festivalına diqqət yetirsinlər.
Hörmətli Fuad Müəllim!
Yuxarıda qeyd etidyim kimi bəlkə də bu məktubumdan sonra məni Azərbaycana xəyanət etməkdə belə günahlandıracaqlar. Bəlkə də deyəcəklər ki, mən Dərya Akdemir sizin işinizə kölgə salmaq istəyirəm. Amma bu heç də belə deyil və əsla da belə olmayacaq. Mən ölkədə, dövlətimə, dövlət başçıma, ölkənin birinci vitse prezidenti Mehriban xanıma və onun sadiq komandasına inanıram və inanıram ki, gec tez həqiqət öz yerini tapacaq. Sizə bu açq məktubu yazmaqda məqsədim də məhz elə budur.
Hörmətlə: Dərya Akdemir
Anka Azərbaycan Mədəniyyət Rəqs və Sənət klubunun və Anka Der Anka Azərbaycan Mədəniyyət, Sənət Dərnəyinin rəhbəri

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …