Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Belə ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “İveco” və “Mercedes Benz” markalı yük nəqliyyat vasitələri saxlanılıb, sürücüləri şifahi sorğu-sual olunublar.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Gömrük yoxlaması zamanı avtomobillərin gizli saxlanc yerlərində 1000 ədəd aksiz markası olmayan “Marlboro” markalı siqaret və 440 ədəd müxtəlif adda dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.