Çərşənbə , 4 Dekabr 2024
Drone Cameras

Gürcüstan polisi aksiyanı dağıtsa da, etirazçılar yenidən toplaşıb

“Bütün Gürcüstanda insanlar Rusiyanın marionet rejiminə qarşı ayağa qalxır”

Daxili İşlər Nazirliyinin qüvvələri Gürcüstan parlamenti yaxınlığında etirazçılara müdaxilə edib.

5 gündür davam edən etiraz aksiyalarında xüsusi təyinatlılar və polis qüvvələri Rustaveli prospektində keçirilən aksiyanı dağıdıb. Parlamentin qarşısına toplaşan on minlərlə vətəndaş hakimiyyətin Gürcüstanın Avropaya inteqrasiya prosesini dayandırmaq qərarından narazılıqlarını bildiriblər.

Polis bölmələri gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edərək, xaotik şəkildə vətəndaşları saxlamağa başlayıb.

Foto: Meydan TV
Foto: Meydan TV

Etirazın beşinci günü axşam saat 22.00-a qədər parlamentin qarşısını təmizləməyə müvəffəq olsalar da, etirazçılar Rustaveli prospekti boyunca səhərə qədər etirazlarını davam etdiriblər.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, polisə molotov kokteyli atan etirazçı saxlanılıb. Hadisə nəticəsində su şırnaqlı avtomobilə ziyan dəyib.

Gürcüstan Prezidenti Salome Zurabişvili özünün X platformasında “Rusiyanın marionet rejimi” adlandırdığı hakimiyyəti tənqid edən növbəti yazı dərc edib.

“Bütün Gürcüstanda insanlar Rusiyanın marionet rejiminə qarşı ayağa qalxır. Bu, paytaxtdan ən kiçik şəhərlərə qədər tariximizdə heç nəyə bənzəməyən bir hərəkətdir. Mesaj aydındır: Mənə səsimi geri ver! Avropadakı gələcəyimi mənə qaytarın!”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton Tbilisiyə açıq şəkildə bildirib ki, Aİ ilə daha geniş inteqrasiya yolundan uzaqlaşmaq üçün atılan addımlardan narahatdır.

Miller ABŞ-ın gürcü xalqının tərəfində olduğunu vurğulayıb.

Foto: Meydan TV
Foto: Meydan TV

“Bilirsiniz, biz bu tribunadan sanksiyaları əvvəlcədən nəzərdən keçirmirik, amma sanksiyalarla bağlı bəyanatlarımız olanda biz bunu edirik. Biz Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etdik, viza məhdudiyyəti tətbiq etdik, başqa tədbirlər gördük, Gürcüstan hökumətinə 95 milyon dolların ödənilməsini dayandırdıq.
Biz onların Avropa ilə daha geniş inteqrasiya yolundan yayınmaq üçün atdıqları addımlardan narahat olduğumuzu açıq şəkildə bildirdik”, – Miller bildirib.

Dekabrın 1-də ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Check Also

Türkiyə Ordusunun əsgəri İraqın şimalındakı əməliyyat zamanı ölüb

Türkiyə Ordusunun əsgəri İraqın şimalındakı əməliyyat zamanı həlak olub. Boyukmillet.com TRT Haber-ə istinadən xəbər verir …