Yalnız iki hakim fərqli rəy bildirib
Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı prezidentin və 30 müxalifətçi deputatın iddialarını baxılmaq üçün qəbul etməyib. “Qərar qətidir və şikayətə baxıla bilməz”,- deyə mətndə qeyd olunub.
Qətnamənin mətnində deyilir:
“1848 və 1849 saylı konstitusiya iddiaları mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməməlidir”.
Qərar hakimlərin plenumu tərəfindən qəbul edilib: Merab Turava, Eva Qotsiridze, Giorgi Tevdoraşvili, İrina İmerlişvili, Giorgi Kvençhiladze, Xviçey Kikilaşvili, Manana Kobaxidze, Vasil Roinişvili və Teymuraz Tuquşi.
Yalnız iki hakim fərqli rəy bildirib. Teymuraz Tuquşi və Georgi Kvençhiladze.
Kverençxiladze xaricdəki seçicilər üçün seçkilərdə iştirakın əlçatanlığı ilə bağlı iddiaya, Teymuraz Tuquşi isə səsvermənin gizliliyi məsələsinə və xaricdəki seçicilərin seçkilərdə iştirakının əlçatanlığı ilə bağlı iddiaya münasibət bildirib.
Noyabrın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən seçkilərlə bağlı hökmün çıxarıldığını, seçkilərin baş tutmadığını bəyan edib. Ona görə də Gürcüstanda təkrar seçkilərin keçirilməsinin zəruriliyini vurğulayıb. Daha sonra Salome Zurabişvili öz planını təqdim edib. Adını çəkdiyi addımlardan biri Gürcüstanın Konstitusiya Məhkəməsinə (Batumi) iddia qaldırması olub.
Gürcüstan prezidentinin adından noyabrın 19-da Konstitusiya Məhkəməsinə iddia qaldırılıb. Salome Zurabişvili seçkilər zamanı səsvermənin gizliliyi prinsipinin pozulduğunu bəyan edib və nəticələrin konstitusiyaya zidd elan olunmasını tələb edib. Məhkəmənin buna baxması üçün 30 günlük müddət var idi.