Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı əməlləri əks etdirən görüntülərlə bağlı araşdırmalara başlayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilir ki, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb.
“Həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır”, – məlumatda qeyd edilir.