Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ordu quruculuğu, bu istiqamətdə atılan addımlarla bağlı mühüm fikirlər səsləndirib, tarixi həqiqətlərə toxunub. Güclü ordu quruculuğu Ulu Öndərin əsas vəsiyyəti idi. Hazırda Azərbaycan Ordusu özünü tam təsdiqləyib. Cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa edib. O, bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır.
Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Prezidentin məlum çıxışını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrindəki ilk islahatların xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: “Məhz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda nizami və mərkəzləşdirilmiş ordu yaradılıb, onun silah-sursat, hərbi texnika ilə təchizatı istiqamətində sistemli addımlar atılıb. Ulu Öndər tərəfindən nizami ordunun formalaşdırılması Birinci Qarabağ müharibəsində erməni işğalının genişlənməsinin qarşısını alıb, dövlətimizə düşmənə qarşı uğurla mübarizə aparmaq imkanı verib.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri daxili sabitliyin bərpasına, ölkədəki çoxsaylı qanunsuz silahlı birləşmələrin neytrallaşdırılmasına nail olması idi. Ölkəmizdə daxili sabitlik və asayişin bərpa olunması insanlarımızın təhlükəsizliyini təmin etməklə yanaşı, xarici investorların da Azərbaycana sərmayə qoymasına yol açdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan neftini dünya bazarına çıxarmağa, onun satışından böyük vəsaitlər əldə etməyə imkan verdi. İqtisadiyyatın güclənməsi ordu quruculuğuna daha böyük vəsaitlər ayırmağa, onun təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa şərait yaratdı”.
Cəlil Xəlilov deyib ki, Ulu Öndərin əsasını qoyduğu islahatlar sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini təmin edib: “Ulu Öndərin əsasını qoyduğu islahatlar sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilib. Prezident İlham Əliyev Ordumuzun həm döyüş hazırlığının yüksəldilməsi, həm də hərbi-texniki təchizatının müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində mühüm addımlar atıb. Nəticədə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alıb”.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşməni otuz il ərzində möhkəmləndiyi yerlərdən vurub çıxaran, onu hərb meydanında darmadağın edən Ordumuz bununla dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Ordumuz regionda hərbi baxımdan da lider dövlət olduğunu isbatladı.
Bununla yanaşı, ordumuzdakı islahatlar gələcəkdə də davam etdiriləcək, Silahlı Qüvvələrimizin zərbə gücünün qorunub saxlanılması, daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində olacaq. Çünki günümüzün reallıqları bizdən məhz bunu tələb edir”.