Cümə , 29 Mart 2024
Drone Cameras

Hakim partiyanın millət vəkili Mahir Dərziyev, Marneuli yepiskopu Giorgi Camdelianini ehtiyyatlı olmağa çağırdı

Məlum olduğu kimi, iki gün öncə Marneuli və Hujabi yeparxiyasının Yepiskopu, Giorgi Camdeliani bazar xütbəsi zamanı, Nəriman Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı və rayon meri Zaur Darğallının isə vətəndaşlardan bu addımına görə üzür istəməli olduğunu söyləmişdir.

Boyukmillet.com xəbər verir ki, Yepiskopun bu ifadələri yerli icma arasında birmənalı qarşılanmayıb.

Xəbər portalımıza müsahibə verən hakim “Gürcü Arzusu” partiyasının deputatı, Mahir Dərziyev, Yepiskopu bir din xadimi olaraq düzgün mövqe tutmağa və belə məsələlərdə ehtiyatlı davranmağa çağırıb:

“Bu gün Gürcüstanın dövlət müstəqilliyi günüdür və mən bu əlamətdar gün münasibətilə soydaşlarımı təbrik edirəm, ölkəmizə və xalqımıza tərəqqi və rifah arzu edirəm.

Zaman-zaman gündəmə gələn, müəyyən qüvvələr tərəfindən körüklənən milli-şovinist, irqçi, ksenofob çıxışlar, təbii ki, məndə də təəssüf və ikrah doğurur. Tolerantlıq və multikulturalizmin çoxəsrlik ənənələrinin, humanizm prinsiplərinə dayanan dünyaca ünlü, unikal bir mədəniyyətin, demokratiya yolunda danılmaz nailiyyətlərin ünvanı olan Gürcüstanda orta əsrlər təfəkkürünün daşıyıcıları olan “milli təəssübkeşlərin”, siyasi möhtəkirlərin, xarici qüvvələrə xidmət edən satqınların, diletantların və s. bu qəbildən fərqli donlar geysələr də bir məqsədə xidmət edən qüvvələrin niyyətləri ölkədə dini-etnik qarşıdurma yaratmaq, ictimai-siyasi vəziyyəti gərginləşdirməkdir. Ölkəmizin demokratik imicini, vətəndaşlarımız arasındakı mövcud etimad mühitini zədələyən bu məkirli əməllər mahiyyət etibarilə birbaşa dövlətçiliyə qarşı yönəlmiş təhlükəli təxribatdır.

Soydaşlarımızın dini və milli heysiyyatımıza toxunan çıxışlara mənfi münasibəti, zamanında tutarlı cavab verməsi şübhəsiz, təbii və gözləniləndir. Nə əlli milyonluq azərbaycan xalqının, nə də Gürcüstan vətəndaşı olan azərbaycanlıların dilinə, dininə, tarixinə, mənəvi dəyərlərinə əl uzatmağa, dil uzatmağa heç kimə fürsət verilməməlidir. Ziyalılarımızın, ağsaqqallarımızın, siyasətçilərimizin və QHT təmsilçilərinin bu təxribatlara qarşı sərgilədikləri barışmaz mövqenin həmişə şahidi olmuşuq. Bir vətəndaş kimi, daşıdığım statusun məsuliyyətini dərk edərək mən də hər zaman KİV-də öz mövqeyimi ortaya qoymuşam.

Bir xeyli müddətdir ki, N.Nərimanovun abidəsilə bağlı müxtəlif mənbələrdən gələn söz-söhbətlər səngimək bilmir. Abidə söküləcək deyə uzun müzakirələr aparıldığı, aksiyalar keçirildiyi yadınızdadır. Onda da bunun heç bir əsası olmayan, müxalifət tərəfindən divident qazanmağa yönəlik bir şaiyə olduğunu demişdim. Elə də oldu. Bu gün abidə adına və dövlətimizə layiq bir şəkildə təmir olunub. Bu nəcib işi Marneulinin gənc meri Z.Darğallı həyata keçirsə də, əslində bütün “Gürcü arzusu” komandasının əməyinin bəhrəsidir. Nə qədər Gürcüstan var, nə qədər qədirbilən xalqımız var N Nərimanovun abidəsi ucalacaqdır. Bu dahi şəxsiyyət tarixdə humanist mütəfəkkir, mütərəqqi ictimai xadim, cəhalətə qarşı mübarizə aparan maarifçi, ədib və dramaturq kimi həmişə qalacaqdır. “Hümmət” sosial demokrat təşkilatının rəhbərlərindən olan Nəriman Nərimanovun GDR-in qurulmasında gürcü sosial-demokrat əqidədaşlarına əhəmiyyətli yardımları olub. Bolşevik Nərimanovun ömrü isə çox qısa olubdur. Bolşeviklər onu bir neçə ilə məhv etdilər və adının çəkilməsi belə yarım əsr yasaq olundu. Ədalət naminə onu da qeyd edək ki, Nəriman Nərimanovun reabilitasiyası keçən əsrin yetmişinci illərində yalnız H.Əliyevin böyük səyləri bahasına mümkün oldu.

Bu gün Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb etmək absurddur və heç bir əsası olmayan tələbdir. Gürcüstanda qüvvədə olan“Azadlıq xartiyası” haqqında qanunun bu abidəyə heç bir aidiyyatı yoxdur”.

Millət vəkili M. Dərziyev həmçinin Marneuli və Hucabi yepiskopu Giorgi Camdelianinin Nəriman Nərimanov və eləcə, də Zaur darağllı barəsində söylədiyi fikirlərə də münasibət bildirib:

“Marneuli və Hucabi yepiskopu Giorgi Camdelianinin məlum çıxışı ilə bağlı bəzi mülahizələrimi də bildirmək istərdim. Yepiskopun öz dini icmasında nələr moizə etməsi onun öz işidir. Din xadimi olaraq dediklərinə və etdiklərinə görə Allah qarşısında cavab verəcək. Yer üzündə isə patriarx və gürcü pravosval kilsəsinin sinodu qarşısında məsuliyyət daşıyır. Gürcüstan dünyəvi dövlətdir və dinin dövlətdən ayrı olması prinsipi bizim anayasamızda təsbit olunmuşdur. Ölkənin baş nazirinin bu məsələyə hər hansı müdaxilə etməsinin nə hüquqi, nə də etik-mənəvi əsası yoxdur.

Necə deyərlər özü bilsin, Allahı bilsin. Amma ölkənin xristian və qeyri-xristian əhalisi din xadimlərindən həmişə müdrik məsləhətlər və məsuliyyətli addımlar gözləyiblər və görüblər Eyni zamanda da yepiskop Camdelianinin dövlət idarəçiliyinə, o cümlədən yerli özünüidarəetmə səviyyəsində müdaxilə etməsinə heç bir haqqı yoxdur. Bir vətəndaş olaraq, Marneuli sakini olaraq bizim hər birimiz kimi onun da bu və ya digər məsələyə öz münasibətini bildirmək hüququ vardır. Belə görünür ki, bu halda danışan yepiskop yox, vətəndaş Camdelianidir və onu daha çox dünya qayğıları məşğul edir.

Belə bir təəssürat yaranır ki, vətəndaş Camdelianinin hədəfindəki N.Nərimanovun abidəsi yox, Marneulililərin böyük səs çoxluğu ilə seçilmiş gənc və bacarıqlı meri Zaur Darğallıdır. Bu ilin parlament seçkiləri ili olduğunu da nəzərə alsaq, yəqin ki, müəyyən qənaətlər hasil olar. Mən bu məsələ ətrafında ajiotaj yaradılmasının qəti əleyhinəyəm, amma bir məqamı da vətəndaş Camdelianiyə xatırlatmaq istərdim: Borçalı Gürcüstanın, Kaxi-Hereti Azərbaycanın beynəlxalq hüquq və dünya dövlətləri tərəfindən tanınmış sərhədlərinə daxildir.

Bu gün Gürcüstan bütün bəşəriyyəti təhdid edən koronavirus təhlükəsinə qarşı mübarizənin ən ön sıralarındadır. Titanik səylər bahasına ölkəmizin bu sahədə əldə etdiyi uğurlar bütün dünyada təqdirlə qarşılanır. Amma bildiyiniz kimi mübarizə davam edir, bu həssas və məsuliyyətli dövrdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, xalqla dövlətin birliyi bizə dərmandan, vaksindan daha çox,sözün əsl mənasında hava və su kimi lazımdır. Biz hamımız fərdindəyik ki, vətəndaş məsuliyyəti dövlətçiliyə sədaqətin, vətənpərvərliyin əsas təməllərinən biridir. Mən soydaşlarımın, həmişə olduğu kimi, bu çətin dövrdə də müdrik və məsuliyyətli davranacaqlarına inanıram. Sizi əmin etmək istəyirəm ki, dövlətimiz və hökümətimiz həmişə sizin yanınızdadır”, – deyə millət vəkili Mahir dərziyev bildirib.

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …