Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Hikmət Hacıyev: Prezident köməkçisi, yoxsa kölgə xarici işlər naziri?


Bir vaxtlar cəmiyyətə böyük dəyişiklik vədi verilirdi.
Gənc, Qərb təhsilli, dünyagörüşlü, müasir idarəçilik prinsiplərini bilən yeni kadrların hakimiyyətə gətirilməsi “köhnə komanda”dan fərqli yeni idarəçilik modelinin başlanğıcı kimi təqdim olunurdu.
Ramiz Mehdiyev və onun ətrafında formalaşmış idarəçilik modeli isə bu dəyişikliklərin əsas simvollarından biri kimi göstərilirdi.
Cəmiyyətə elə təqdim olunurdu ki, sanki köhnə sistemin bütün qapıları bağlanıb, yeni və müasir düşüncəli kadrlar yağışın altından götürülərək dövlət idarəçiliyinin ən yüksək mərtəbələrinə yerləşdirilib.
Bu şəxslərdən biri də Hikmət Hacıyev oldu.
Qərb təhsili, diplomatik fəaliyyəti, xarici dilləri və beynəlxalq əlaqələri ilə yeni nəslin ən parlaq simalarından biri kimi təqdim edildi.
Amma bu gün artıq bir sual verməyin vaxtıdır:
Hikmət Hacıyev həqiqətən yeni idarəçilik modelinin simasıdır, yoxsa köhnə sistemin yeni üslubda davamıdır?
Prezident köməkçisi, yoxsa “kölgə XİN rəhbəri”?
Hikmət Hacıyev Prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri kimi Azərbaycanın xarici siyasət kommunikasiya sistemində çox mühüm mövqeyə malikdir.
Amma son illərdə onun ictimai görünürlüğü bəzən elə səviyyəyə çatır ki, adam istər-istəməz soruşur:
Azərbaycanın xarici siyasətini Xarici İşlər Nazirliyi aparır, yoxsa Prezident Administrasiyasının xarici siyasət şöbəsi?
Əlbəttə, Prezident Administrasiyasının xarici siyasət məsələlərində mühüm rolunun olması normaldır.
Problem başqa yerdədir.
Problem ondan ibarətdir ki, Prezident köməkçisinin şəxsi sosial media fəaliyyəti bəzən bütöv bir dövlət institutunun fəaliyyətindən daha çox görünür.
Xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrə səfər edir.
Dövlət və hökumət nümayəndələri ilə görüşür.
Danışıqlar aparır.
Azərbaycanın mövqeyini beynəlxalq platformalarda təqdim edir.
Bütün bunlar Xarici İşlər Nazirliyinin rəsmi məlumatlarında öz əksini tapır.
Amma sonra Hikmət Hacıyev sosial şəbəkədə bir paylaşım edir.
Və həmin paylaşımın ardınca bəzi media resurslarında hadisənin özü yox, Hacıyevin paylaşımı “ANA XƏBƏR”ə çevrilir.
Burada artıq sadə sosial media aktivliyindən danışmaq çətindir.
Çünki ortaya çox ciddi institusional sual çıxır:
Niyə nazirin gördüyü iş deyil, Prezident köməkçisinin onun işi barədə yazdığı status daha böyük informasiya hadisəsinə çevrilməlidir?
Hacıyev fenomeni
Hikmət Hacıyev Azərbaycanda dövlət məmurundan daha çox media fenomeninə çevrilib.
Onun bir paylaşımı xəbərdir.
Bir cümləsi manşetdir.
Bir görüş barədə yazdığı status ayrıca informasiya hadisəsi kimi təqdim olunur.
Bu qədər böyük informasiya çəkisi Prezident Administrasiyasının digər yüksək vəzifəli şəxslərində də varmı?
Yoxsa xarici siyasət məsələlərində ayrıca “Hikmət Hacıyev xətti” formalaşıb?
Bu sualın cavabını cəmiyyət özü verməlidir.
Çünki söhbət artıq bir şəxsin Twitter/X hesabından getmir.
Söhbət dövlət idarəçiliyində şəxsin institutdan daha görünən hala gəlməsindən gedir.

Əgər bir məmurun şəxsi media çəkisi dövlət institutunun rəsmi kommunikasiya imkanlarını üstələyirsə, onda artıq həmin sistemin quruluşu barədə sual vermək lazımdır.
Hikmət Hacıyev bunu özü yaradır, yoxsa sistem ona bu imkanları verir?
Bəlkə də ikinci variant daha doğrudur.
Çünki bir məmurun gücü yalnız onun şəxsi qabiliyyətlərindən yox, ona verilmiş institusional imkanlardan da formalaşır.
“Yeni kadr” dedikləri budur?
Əgər yeni kadr siyasətinin nəticəsi budursa ki, gənc və Qərb təhsilli məmur köhnə idarəçilik vərdişlərini sadəcə daha müasir kommunikasiya alətləri ilə həyata keçirir, onda burada dəyişən yalnız qablaşdırmadır.
Əvvəllər kabinetlərdə telefonla nəzarət vardı.
İndi sosial şəbəkələrdə kommunikasiya üstünlüyü var.
Əvvəllər məmurun təsiri kabinetlərdə ölçülürdü.
İndi onun təsiri paylaşımın neçə media orqanında manşet olmasında görünür.
Texnologiya dəyişib, idarəçilik refleksi dəyişməyibsə, bunun adı islahat deyil.
Hikmət Hacıyevə ən sadə sual
Cənab Hikmət Hacıyev!
Sizin xarici siyasət məsələlərində bilik və təcrübənizi heç kim inkar etmir.
Amma bir sualın cavabı cəmiyyət üçün maraqlıdır:
Sizin məqsədiniz Xarici İşlər Nazirliyinin fəaliyyətini gücləndirməkdir, yoxsa özünüzü həmin fəaliyyətin əsas kommunikasiya simasına çevirmək?
Əgər birincidirsə, onda niyə nazirin gördüyü işlərdən daha çox sizin sosial media paylaşımlarınız gündəmi müəyyənləşdirir?
Əgər məsələ dövlətin vahid informasiya siyasətidirsə, bunun niyə məhz bir şəxsin şəxsi hesabı üzərindən qurulduğunu izah etmək lazımdır.
Çünki dövlət idarəçiliyində ən böyük təhlükə bəzən səlahiyyətin çoxluğunda yox, şəxsi təsirin institusional sərhədləri aşmasında başlayır.
Və bu gün Azərbaycan cəmiyyətinin Hikmət Hacıyev haqqında verə biləcəyi ən ciddi sual da budur:
Siz yeni idarəçiliyin simasısınız, yoxsa köhnə idarəçilik modelinin sadəcə daha müasir görünən versiyası?

Mirağa
Boyukmillet.com

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …