Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” Şəbəkəsinin təqdimatı ilə mayın 13-də Azərbaycanda, Bakıda rəsmi olaraq fəaliyyətinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu il Bakıda keçirilən “Sənaye İntellektinin Sürətləndirilməsi” mövzusuna həsr olunmuş bu böyük və mühüm texnoloji tədbir Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Özbəkistan kimi Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən 1000-dən çox müştəri və biznes tərəfdaşını bir araya gətirdi.

“Huawei”n Yaxın Şərq və Mərkəzi Asiya üzrə prezidenti Steven Yi “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” tədbirində açılış nitqi ilə çıxış edib və şirkətin məqsədlərindən danışıb: “Huawei” əlaqə, İT və bulud xidmətlərində qabaqcıl “full stack” texnologiyasından istifadə etməklə MECA-da ağıllı rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir. Dərin sənaye təcrübəsi və möhkəm tərəfdaşlıqlarla birlikdə, biz bu transformasiya dövründə regionu innovasiya və davamlı uğur mərkəzi kimi qurmağa sadiqik”.

Daha sonra Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov açılış nitqi ilə çıxış edib:

“Texnologiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektdəki nailiyyətlərin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsini təmin etmək məqsədilə biz İKT texnologiyasının bütün potensialından istifadəyə yönəlmiş bir sıra təşəbbüsləri fəal şəkildə həyata keçiririk. Bundan əlavə, onlayn təhdidlər, kritik infrastrukturun qorunması, məlumatların mühafizəsi və məxfilik pozuntuları da daxil olmaqla, müxtəlif milli kibertəhlükəsizlik problemlərini həll etməklə yanaşı, daha davamlı rəqəmsal infrastruktur yaratmaq üçün “Huawei” və digərləri kimi tərəfdaşlarla əməkdaşlığı inkişaf etdiririk”.

“Huawei” şirkətinin İKT marketinqi və həllərin satışı üzrə vitse-prezidenti David Şi öz növbəsində çıxışı zamanı qeyd edib ki, şəbəkə bağlantısı, hesablama və məlumatların saxlanmasına olan tələblər on qat, hətta yüz qat arta bilər:

“Hesablama gücü su və elektrik kimi kommunal resursa çevriləcək. Ağıllı iqtisadiyyatı mənimsəmək üçün davamlı olaraq təkmilləşəcəyik. “Huawei” tədqiqat, inkişaf və innovasiyaya uzunmüddətli investisiya qoyuluşuna inanır. Bu öhdəlik sayəsində biz texnologiya innovasiyalarında lider olmağa davam edə bilərik. Qeyd etməliyəm ki, biz son illərdə ciddi problemlərlə üzləşmişik, lakin biz hələ də illik satış gəlirimizin 20%-dən çoxunu tədqiqat və inkişafa yatırmağa davam edirik. 2023-cü ildə “Huawei” tədqiqat və inkişafa 23,3 milyard ABŞ dolları sərmayə qoyub və dünyada 5-ci yerdə qərarlaşıb. Bu, satış gəlirimizin 23,4%-ni təşkil edir. 2023-cü ilin sonuna kimi “Huawei”n dünya üzrə 140.000-dən çox aktiv patenti var idi və biz əsas patent sahibləri ilə 200-dən çox patent müqaviləsi imzalamışıq.

Açılış mərasimindən sonra “Huawei” Şəbəkə Sammitinin fəaliyyətlərinə start verilib.

Sammitdə “Huawei” şirkətinin İKT Məhsulları və Həlləri üzrə Direktoru Yanq Çaobin qeyd edib ki, intellektin inkişafı üçün əl-ələ verib işləmək lazımdır və ağıllı dünyaya doğru daha sürətlə irəliləmək mümkündür.

“Huawei” şəbəkə texnologiyasında yeniliklər etməyə və bütün sənayeləri ağıllı şəkildə dəstəkləyə bilən Net5.5G əsasında şəbəkə infrastrukturu yaratmaq üçün müştərilər və tərəfdaşlarla əməkdaşlığa sadiqdir” – deyə o əlavə etdi.

Tədbirin ikinci hissəsində “Huawei” özünün “Xinghe” Ağıllı Şəbəkə məhsullarını və həllərini təqdim etdi və kampus şəbəkələri, geniş ərazi şəbəkələri (WAN), məlumat mərkəzi şəbəkələri (DCN) və şəbəkə təhlükəsizliyi, o cümlədən kommersiya və paylama biznesi daxil olmaqla trend mövzuları araşdırdı.

“Huawei”n Məlumat Kommunikasiyası Məhsul Xəttinin prezidenti Leon Vanq öz çıxışında şirkətin vizyonu haqqında ətraflı danışdı.

“Bütün sənayelər ağıllı transformasiyanı sürətləndirir və şəbəkələr bütün intellekti əhatə edəcək şəkildə inkişaf edir. “Beləliklə, biz məlumat kommunikasiyası həllərimizi Ağıllı Bulud Şəbəkəsindən Net5.5G əsasında “Xinghe” Ağıllı Şəbəkəyə qədər tamamilə təkmilləşdirəcəyik və bununla da intellektual dövr üçün şəbəkə əsasını yaradacağıq” – deyə o bildirib.

Dünya rəqəmsal transformasiyadan ağıllı transformasiyaya keçidin kritik mərhələsindədir. “Huawei”, “Xinghe” Ağıllı Şəbəkə təkliflərini davamlı olaraq təkmilləşdirməyə sadiqdir. Aparıcı şəbəkə infrastrukturlarını qurmaqla, şirkət bütün sektorların ağıllı dövrə keçidini sürətləndirməyi və rəqəmsal-ağıllı inkişafın bütün potensialını açmağı hədəfləyir.

Belə bir məqamda Azərbaycan şirkətlərinin bu sahədə “Huawei” ilə əməkdaşlığı, şübhəsiz ki, Azərbaycanın sənaye intellektinin sürətləndirilməsinə böyük töhfə verə bilər. Bu yolla Azərbaycan müəssisələri “Xinghe” Ağıllı Şəbəkəsinin imkanlarından istifadə etməklə öz əməliyyat səmərəliliyini artıra və nəticədə məhsuldarlığın artmasına töhfə verərək rəqabət qabiliyyətini inkişaf etdirə bilərlər.

Check Also

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl …