Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Hürufizm və qədim Naxçıvan

 

Böyük filosof şair Seyid Əli İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin təməlini qoyub, hürufizmin qüdrətli təbliğatçılarından biri olub.

Öz məsləki uğrunda cəsarətlə çarpışıb vuruşan, həyatı əqidə döyüşlərində keçən Nəsiminin səsi Şərqin bir sıra ölkələrindən gəlirdi. Əmir Teymurun Azərbaycana dağıdıcı yürüşü dövründə hürufilik təlimi daha geniş yayılıb. Hürufilik təlimi Bakıda yaransa da, hürufilik ocağı əsasən Naxçıvan idi.

Hürufilik təriqətinin banisi, məşhur şair və mütəfəkkir şeyx Fəzlullah Nəimi 1394-cü ildə Şirvana gəlib və Nəsimi ilə görüşüb. Nəiminin hürufi görüşləri Nəsiminin yaradıcılığı və dünyagörüşündə dərin iz buraxıb. Nəsimi Fəzlullah Nəimini özünə mürşid və bir müəllim kimi sevərək hürufiliyi qəbul edib. Bu zamandan etibarən İmadəddin Fəzlullah Nəimi ilə ideya əlaqəsini ifadə etmək üçün onun təxəllüsü ilə həmahəng olaraq Nəsimi təxəllüsünü seçib.

Nəimi və ilk hürufilər inanırdılar ki, onların göstərdiyi yol xalqın dirçəlməsinə, şüur və idrakın təntənəsinə, haqq və ədalətin bərqərar olmasına, həyatın gözəlləşməsinə səbəb olacaq və bu böyük iş Azərbaycan torpağından başlanacaq. Buna görə də tamamilə təbiidir ki, hürufilər Azərbaycanı “Sər zəmini rəstəxis” (yəni intibah yurdu) adlandırırdılar. Beləliklə, hürufilər Teymur istilasına son qoyub istədikləri ictimai dəyişiklikləri yerinə yetirməyə çalışıblar. Təbiidir ki, bütün mürtəce təbəqələr belə bir hərəkata gözucu baxa bilməzdilər. Onlar hürufiləri diqqətlə izləyir, onların sıralarına cəsuslar göndərir və hərəkatı darmadağın etmək üçün hürufilərin hər addımı, hər yeni sözü barədə xüsusi çaparlar vasitəsilə Səmərqəndə, Əmir Teymura məlumat verirdilər.

Bəzi mənbələrdən aydın olur ki, Əmir Teymur hürufilərin əlindən çox qeyzə gəlir və onlara qarşı barışmaz kin bəsləyirdi.

Tarixdə belə bir maraqlı məlumat da var ki, Əmir Teymurun çoxminlik ordusu Əlincə qalasını mühasirədə saxlayanda qalanın müdafiəsində yerli süvari dəstələrlə bərabər hürufilər də mərdliklə vuruşub, düşmənin başına od ələyiblər. Çox güman ki, Əlincənin igidləri Nəsimi kimi dözümlülük nümayiş etdirib, 14 il Əmir Teymur ordularına mətanətlə sinə gərib, düşmənə layiqli cavab veriblər.

Abbas Əl-Əzzəvi “İraq tarixi” kitabında qeyd edir ki, Əmir Teymurun Əlincə qalasını mühasirədə saxladığı zamanda hürufilik daha geniş yayılmış, onun tərəfdarları çoxalmışdı. Hürufilik təriqətinin genişlənməsi qorxusu Azərbaycanı fəth etmiş Əmir Teymuru daha çox narahat etməyə başlayirdi. Bu dövrdə Nəsimi ustadı Nəiminin hürufilik ideyalarını daha aşkar şəkildə  yaymaqda davam edib. Öz qüdrətli şairlik gücü ilə təbliğat aparan Nəsimi ustadı Fəzlullah Nəimidən daha çox səs salmış, hürufilik yolunu seçənlər arasında yüksək mövqe qazanmışdı. Fəzlullah Nəiminin gizlin dediyi fikirləri Nəsimi açıqca deməkdən çəkinmirdi. Nəsimidən danışanların mənbələrin hamısı onu igid, qorxmaz və döyüşkən bir mütəfəkkir kimi qeyd ediblər.  XIV-XV yüzilliklə hürufiliyin yayılması və təşəkkülü Fəzlullah Nəimi və İmadəddin Nəsiminin  adı ilə bağlıdır.

Hürufilik ideyalarının yayılmasında Nəsiminin adı yüksəkdə durur. Nəsimi öz müəllimi Nəiminin inam və baxışlarını hürufi şərqilərində qorxmadan səsləndirir, hürufilərin müqəddəs duaları sayılan bu ilahi nəğmələr gecə-gündüz dərvişlər tərəfindən oxunaraq ölkədən-ölkəyə yayılırdı.

Ömrü boyu gəzib-dolaşan və dərviş kimi həyat sürən Nəsimi, çox güman ki, hürufiliyin geniş yayıldığı Naxçıvanda da olub, hürufiləri Əmir Teymura qarşı mübarizəyə ruhlandırmışdır.

   Məkansız oldu Nəsimi, məkanı yoxdur onun,

Məkana sığmayan ol biməkan məkan nədir?-

deyən şairin şeirindən də aydın olur ki, onun sabit yaşayış yeri olmayıb. Çox güman ki, Nəsimi bir müddət Naxçıvanda yaşayıb və hürufilər burada izləndiyi zamanda  isə Naxçıvanı tərk etmək məcburiyyətində qalıb.  O, bir yerdə çox qala bilmirdi, çünki onu hər an təqiblər gözləyirdi.

Teymur 1394-cü ildə Şirvanşahın yanında vali qoyduğu oğlu Miran şaha Nəimini, onun müridlərini həbs və edam etmək əmrini verdi. Miran şah Şirvanda Nəimini həbs etdi və hürufilərə qarşı amansız bir təqib şəraiti yaratdı. Nəimi zindanda ağır işgəncələr altında olduğu zaman dost və müridlərinə bir sıra məktublar yazıb ki, onları özü “Mənim vəsiyyətim” adlandırıb.

1394-cü ildə Miranşah Şeyx İbrahimin fitnəsi ilə Nəimini tutub, Əlincə qalasının ətəyində faciəli surətdə edam etdirir. Nəiminin edam edilməsi üçün bu yerin seçilməsinin əsas səbəblərindən biri bu idi ki, Əlincə qalasında və Xanəgahda hürufilər çox idi. Hürufizmin məbədgahı sayılan Xanəgahda hürufilər Nəiminin cəsədini öz ibadət etdikləri yerdə dəfn edirlər. Teymurilərin diqqətini məbədgahdan yayındırmaq üçün bura Şeyx Xorasan piri adlandırılır. Bu günümüzə qədər  gəlib çatmış abidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində əsaslı şəkildə yenidən qurulub və turistlərin üz tutduqları məkanlardan birinə çevrilib.

Təriqət başçısının ölümü bütün hürufiləri, o cümlədən də Nəsimini ürəkdən sarsıtmışdı. Ancaq o, heç nədən qorxmayaraq təriqət fikirlərini yaymaqda davam edirdi.

Qədim Naxçıvan torpağında mahiyyətcə Orta əsr feodal irticasına qarşı çıxan, insanı hər cür təhqirlərin əlindən alıb toxunulmaz edən, insanı varlığın bir zərrəsi sayan hürufizm uzun müddət istismara, zorakılığa qarşı çevrilərək xalq arasında böyük nüfuzunu qoruyub saxlayıb. Diyar-diyar gəzib insanın böyüklüyünü tərənnüm və təbliğ edən, millətlər arasında fərq qoymayan hürufilik təliminin ustadı Nəimi və Nəsimi ümumbəşəri ideyaları ilə xalqın qəlbində özünə əbədi yer tapıb, ölməzləşib.

Nəsimi doğma Azərbaycan dilində böyük sənət yaratmış ilk şairlərimizdəndir. O, 14-cü əsrdə dərin fəlsəfi fikirləri, incə lirik duyğuları, insan ürəyinin ən incə döyüntülərini gözəl ifadə edən Azərbaycan şeir dilini yaradıb. Şeirlərindən görünür ki, Nəsimi həmişə düzlüyə meyl edib, doğruluğu insan həyatının, insan səadətinin ən zəruri şərtlərindən, ən yük­sək ləyaqətlərindən hesab edib.

Dil bazarçısı yalandır, varmazam bazarinə,

Gerçək olmaz əyri dil, inanmazam iqrarinə.

Sadiq oldur dilini könlü ilə bir eyləyə,

Əyri dildən nəsnə gəlməz, durmuşam inkarinə-deyən şair bütün ömrü boyu doğruluğu özünə şüar edib, həqiqəti dərk etməyi insanlara söyləməyə çalışıb.

Nəsimi elə axıcı, elə gözəl şeirlər yazıb ki, onları oxuyanda adam qeyri-ixtiyari olaraq düşünür ki, o, ana dilində çox kamil və zəngin bir şeirxəzinəsindən istifadə edib. Belə bir təsəvvür heç də yanlış deyil. Doğrudan da Nəsimi elə xəzinə tanıyırdı. Bu xalq ədəbiyyatı və xalq dili xəzinəsi idi. Xalq ədəbiyyatının, xalq dilinin gözəl ənənələri Nəsiminin qanına hopmuşdu, bütün poetik təfəkkürünə və hissiyyatına hakim idi.

Qəmindir könlümün taxtında sultan,

Bir iqlimə iki sultan gərəkməz.

Gülüstanın gülü sənsiz tikandır,

Mənə sənsiz gülü-reyhan gərəkməz.

Şeirin dili o qədər anlaqlı, təbii və axıcıdır ki, sanki 650 il əvvəl yox, bu gün yazılıb. Sovet tərcüməçilərindən Lev Ozerov haqlı olaraq yazırdı ki, “Nəsimi poeziyası altı əsrin qaranlığını işıq şüası kimi yırtaraq bizə gəlib çatıb. Ən qiymətli cəhət də odur ki, o, indi də əvvəlki kimi nurlanır! Mən Nəsimini dünya lirikasının Kopernikiadlandırmaq istəyirəm. Hələ Nəsimidən yüz il kiçik olan Kopernik təsdiq edirdi ki, kainatın mərkəzi Yer deyil, Günəşdir. Böyük astronomun Günəş haqqında dediklərini Nəsimi ondan 100 il əvvəl insan haqqında deyib. Günəş kimi insan da kainatın mərkəzində durur”.

Bəli, Nəsimini yaşadan onun işıqlı fikirləridir. Nəsimi poeziyası nəinki Azərbaycan, eləcə də dünya xalqları ədəbiyyatının qidalandığı, daima bəhrələndiyi gur çeşmələrdən biridir. Bu gün Nəsimini düşünərkən, onun qoyub getdiyi qiymətli şeir gülüstanının, bədii təfəkkür xəzinəsinin qapılarını yenidən açıb necə duyğulanırıqsa, onun böyüklüyü və əzəməti qarşısında səcdə edib öz sözlərini deyirik:

     Bir günəşdir Nəsimi kim anın,

     Gecələr zərrəsinə həsrətdir.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir