Dünən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun doğum günü idi.
Əflatun Amaşov Boyukmillet.com-a doğum günü ilə bağlı təəssüratlarını bölüşüb:
“Moderatorçuların hər birinə dərin təşəkkürümü bildirirəm. Əlaqə saxlayıb doğum günümlə bağlı nəsə hazırlamaq istəyirdiniz. Bunu şəxsimə qarşı çox böyük diqqət hesab edirəm.
Düşündüm ki, Formula 1 yarışı, Qala divarları ilə bağlı gündəmi zəbt edən söz-söhbət və digər çoxsaylı hadisələr fonunda mənim dünyaya gəlməyimlə əlaqədar hansısa məlumat nə dərəcədə diqqəti çəkəcək, kimlər üçün önəmli görünəcək?!
Yaş çoxaldıqca keçdiyin yolu daha diqqətlə təhlil edirsən, müsbət nələr varsa, üstündən ötürsən, boşluqlardan kədərlənirsən. Hər dəfə özün üçün müəyyənləşdirirsən ki, hər şey vaxtında edilməlidir. Unutqanlıqdan zamanında nəticə çıxarılmalıdır, xeyirxahlıq həyat kredon olmalıdır, sənə uzanan əlləri daha məhəbbətlə sıxmalısan. Məncə, yaşamağın da özü budur. Bir də keçmişi sevə-sevə həmişə irəliyə baxmalısan.
Şair demiş:
…Yolunu get, yola baxma,
Bu ömürdü, fala baxma,
Baxma, dönüb dala baxma,
Baxsan daşa dönərsən…”.
Boyukmillet.com kollektivi Azərbaycan Mətbuat Şurasının sədri, milllət vəkili Əflatun Amaşovu təbrik edir, möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayırlar!