Çərşənbə , 1 Yanvar 2025
Drone Cameras

İlham Əliyev: “Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir”

“Rusiya vaxtında üzr istəmək əvəzinə birinci üç gün ərzində cəfəng versiyalar səsləndirib”

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibə verib.

Prezident müsahibəsində Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini deyib. O, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələndiyini bildirib.

Təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını deyən Prezident təyyarənin füzelyajın (təyyarənin gövdəsi) dəlik-deşik olmasının “ilkin olaraq ortaya atılmış quş versiyasını sıradan çıxardığını” söyləyib.

“Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, – Prezident deyib.

İlham Əliyev. Foto: Azərtac

O bildirib ki, Rusiya vaxtında üzr istəmək əvəzinə birinci üç gün ərzində cəfəng versiyalar səsləndirib.

“Təbii ki, təyyarəmiz təsadüfən vurulub. Burada hansısa terror aktından söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, ilk üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək”, – İlham Əliyev deyib.

Prezident İlham Əliyev müsahibəsində qəzanı Dövlətlərarası Aviasiya Komitəsinin araşdırması barədə Rusiyanın təklifini rədd etdiyini bildirib.

Bunu həmin qurumun başında Rusiya vətəndaşlarının durması ilə əsaslandırıb.

O deyib ki, qəzadan dərhal sonra Rusiya ədalətli və adekvat addımlar atsaydı, bəlkə də buna etiraz etməzdilər.

“Biz qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir. Qurumun başında da Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.

İlham Əliyev təyyarənin niyə Qroznıya enə bilməməsi, havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələrinin nə dərəcədə təsirli olmasına dair sualların olduğunu vurğulayıb.

Foto: Anadolu agentliyi

“Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır. Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var”.

“Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilib ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur”.  

İlham Əliyev AZAL-ın Rusiyanın yeddi şəhərinə uçuşlarını müddətsiz dayandırıldığını xatırladıb və Qroznıya uçuşların bərpa edilməyəcəyini bildirib.

“AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox”- Prezident belə deyib.

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Dekabrın 27-də AZAL təyyarənin qəzaya uğramasına səbəb kimi fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.

Prezident Vladimir Putin dekabrın 28-də İlham Əliyevə zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istəyib. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Dekabrın 28-də Kremlin yaydığı məlumatda deyilirdi ki, sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı.

Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.

Azərbaycanda isə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, səhlənkarlıq – iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri üzrə cinayət işi başlanıb.

Təyyarənin Qroznı yaxınlığında Rusiya raketi ilə vurulduğunu Azərbaycan hökumətindəki mənbələrə istinadla qərb mediası yazıb.

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb.

Check Also

Tiktokerlərin həbsi: “Hakimiyyət sosial şəbəkələrə nəzarəti gücləndirir”

“Qadağalar, həbslər və sosial mühəndisliklə məşğul olmaq, “yel dəyirmanı” ilə savaşmaq kimi bir şeydir” Son …