Nemət Quluzadə: “Üzərində xəsarətlər vardı – boynunda sınıq, gözünün altında, belində…”
İmişli rayonunun Buludlu kənd sakini Elməddin Quluzadənin meyiti avqustun 5-də asılmış vəziyyətdə tapılıb. Amma ailə üzvləri onun özünü öldürdüyünə inanmır. Hesab edirlər ki, 21 yaşlı Elməddini onunla ədavəti olan adamlar öldürüb, cinayətin izini itirmək məqsədilə meyiti ağacdan asaraq, intihar görüntüsü yaradıblar.
Nemət Quluzadə danışır ki, qardaşı Bakıda bir neçə nəfərlə birlikdə kirayədə qalırdı, fəhləlik edirdi. Avqustun 2-də qardaşının borc probleminin yarandığı ortaya çıxıb:
“Pul problemi çıxan uşaqlardan ikisinin valideynləri bizim qapıya gəlmişdi. Bundan sonra biz qardaşıma zəng elədik. Əvvəl telefonu açmadı. Sonra açanda vəziyyəti izah elədi ki, əslində, məsələ deyildiyi kimi deyil”.
Nemət Quluzadənin sözlərinə görə, avqustun 3-dən qardaşı yoxa çıxıb. Həmin gün onun Bakıda olduğunu güman etsələr də, Elməddini İmişlidə görənlər olub:
“Kənddə taksi kimi işləyən bir nəfər var, ona zəng eləyib ki, məni apar. O da deyib ki, uşağı çöpçüyə aparıram. Bunu eşidəndə ona dedim ki, səni görən olub kənddə, onda boynuna aldı ki, hə, kəndə gəlib”.
Avqustun 3-ü axşamdan Elməddin Quluzadənin telefonuna zəng çatmayıb. Onun meyitini avqustun 5-də axşamüstü kənd sakini Ağabala Fərzəliyev görüb. Özü də Elməddinin əmisigilin həyətindəki əncir ağacında asılmış vəziyyətdə:
“Bizim evdən bir ev o yana əmimgilin evidir. Əmim, yoldaşı rəhmətə gedib, orada heç kim yaşamır. Qonşu günortadan sonra suyu açmağa gedəndə ağacda görüb, qorxub. Keçəndə görüb ki, ayaq sallanıb. Ağacın bir böyük budağını da kəsib onun üstünə atıblar. Meyitin asılma vəziyyətinə baxanda bu hadisənin intihar olmasına şübhə yaranır. Üzərində xəsarətlər vardı – boynunda sınıq, gözünün altında, belində. Bu səbəblərə görə qardaşımın özünü öldürdüyünə inanmıram”.
Nemət Quluzadə əlavə edib ki, qardaşının avqustun 3-də öldürüldüyünü düşünməyə başqa əsasları da var. O bildirib ki, Elməddin böyük qardaşı ilə bir müddət əvvəl telefonunu dəyişmişdi. Bu səbəbdən qardaşının telefonunda onun elektron poçt ünvanı qalıb. Hadisədən sonra həmin ünvan vasitəsilə onun sosial şəbəkə hesablarına daxil olublar:
“Məlum oldu ki, Elməddinin yazışdığı qız vardı. Onunla da sonuncu dəfə avqustun 3-də yazışıb, ondan sonra mesajların heç birinə cavab verməyib”.
Ailə üzvləri Elməddin Quluzadənin ölümünə görə borc məsələsilə əlaqədar aralarında gərginlik yaşanmış şəxslərdən şübhələnir. Onların adlarını da prokurorluğa deyiblər:
“Bizi narahat edən odur ki, sanki kifayət qədər həssas yanaşmırlar”.
Prokurorluqdan isə bildirilib ki, Elməddin Quluzadənin ölümü ilə əlaqədar araşdırma aparılır, ekspertizalar təyin olunub, müxtəlif şəxslərin izahatları alınıb.