“Bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır”.
Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının “Üz-üzə” proqramında deyib.
Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində – bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:
“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun (humanitar razılaşma – red.) ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.
İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib:
“Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərim var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünsiyyətimiz var”.