Cümə , 26 Aprel 2024
Drone Cameras

İran aqressiv siyasət apardıqca daxildə bu rejimin özünə etirazlar başlaya bilər…

Samir Adıgözəlli: “Orada yaşayan heç bir azərbaycanlı əlinə silah alıb bizə qarşı vuruşmaz”

İran-Azərbaycan münasibətlərində soyuqluq davam edir. Əgər indiyə qədər İranın Azərbaycanın işğaldan azad edilən torpaqları yaxınlığında hərbi təlim keçirməsini Tehran “suveren hüququ” ilə izah edirdisə, Bakının buna etirazını “anlamadığını” bildirirdisə, indi artıq bütün əndazələri aşaraq “açıq təhdid” siyasətinə start verib.

Bu günlərdə İranın yeni XİN rəhbəri Abdullahian, ardınca isə Ali rəhbər Xamneyi Azərbaycanı hədələdi və təlimin hədəfinin Bakı olduğunu rəsmən elan etdilər. Təbii olaraq, onların bu təhdidinə Azərbaycan Prezidenti sərt cavab verdi.  İran Azərbaycana mümkün təzyiqləri edir. Ancaq nədənsə bir amili unudur ki, onun daxilində hər an partlamağa hazır və ciddi dağıdıcı qüvvəyə malik bir “silah” var. Bu, ölkə əhalisinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlılardı. İran Azərbaycana qarşı təhdidlərini davam etdirərsə, hətta bizimlə müharibə etmək fikrinə düşərsə, onun daxilindəki soydaşlarımızla bağlı amil hansı nəticəni verə bilər?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın ölkəmizə yönəlik qeyri-konstruktiv mövqeyi, işğalçı Ermənistana dəstəyi bu ölkədə yaşayan soydaşlarımızı ciddi narahat edir. Sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlılar İrana açıq nifrət püskürürlər. Soydaşlarımız  rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən əl çəkməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəhbərliyinə etiraz edəcəyi bildirilir. İranda yaşayan azərbaycanlı fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını deyirlər. Azərbaycan-İran münasibətləri heç vaxt həqiqi dostluq, qarşılıqlı etimad üzərində qurula bilməz. İran ərazisində tarixi torpaqlarımız var, xalqımızın, ziyalılarımızın bu torpaqlara tarixdən doğan mənəvi haqq kimi iddiası göz önündədir. İranda 45 milyon soydaşımız yaşayır, eyni dili, tarixi, mədəniyyəti paylaşırıq. O soydaşlarımızın ümidi, nuru Azərbaycan dövlətidir. Hələlik azərbaycanlılar sosial şəbəkələrdə trendlər yaratmaqla mövqeyini ifadə edir. Bu gün də vəziyyət davam edir və hətta durum günü-gündən şiddətlənir. İranın Azərbaycana göstərdiyi aqressiv münasibətləri bütün azərbaycanlılar qınayır. Lazım gələrsə, soydaşlarımız hərtərəfli – istər etiraz aksiyaları ilə, istərsə də bir Azərbaycan əsgəri kimi Azərbaycan dövlətinin və maraqlarının arxasında dayanacaqlar. Artıq o dövr deyil ki, kimsə Azərbaycana qarşı hərbə-zorba dili ilə danışa bilsin”.

Ekspertin sözlərinə görə, İran bizə hücum etmək fikrinə düşərsə, bu ona çox baha başa gələ bilər: “Ermənistanla bizim aramızdakı müharibədə tərəfləri dəstəkləyən ölkələrin sayı bölünürsə, bu məsələdə elə olmayacaq. Çünki ABŞ, İsrail və Qərb ölkələri İranı parçalamaq üçün şərait axtarır. Bundan gözəl şans ola bilməz. Onlar birmənalı olaraq Azərbaycanın yanında olacaqlar. Ən əsası isə, İranın daxilindəki narazılıqları artırmağı stimullaşdıran addımlara dəstək olacaqlar. Bunun üçün də ən gözəl kart orada yaşayan soydaşlarımızdır. İran bunları lazımınca götür-qoy edib, konstruktiv mövqeyə gəlməlidir. Əks təqdirdə, ölkəsinin  parçalanmasını görə bilər. Əminəm ki, orada yaşayan heç bir azərbaycanlı əlinə silah alıb bizə qarşı vuruşmaz”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …