SEPAH-ın (İran İnqilabı Keşikçiləri Qvardiyası) bir qrup hərbi qulluqçusunun Xameneiyə qarşı sui-qəsd planlaşdırması barədə “Iran International”ın 44 səhifəlik gizli sənədə istinadla yaydığı informasiya bir çoxları üçün sensasiya oldu. Lakin bu, heç də hamı üçün gözlənilməz məlumat deyildi. Çünki SEPAH-ın daxilində ciddi narazılıqlar, ziddiyyətlər həmişə olub. Əvvəllər rejim bu etirazları müxtəlif bəhanələrlə yatıra bilib.
Bir neçə ay öncə SEPAH-ın bəzi səlahiyyətli şəxslərinin müəmmalı şəkildə ölümü barədə xəbərlər yayılmışdı. Hakimiyyət müxtəlif bəhanələrlə (damdan yıxılaraq ölüb və s. kimi) əsas gətirərək bu faktları ört-basdır etməyə çalışırdı.
Bu hərbi qurum İranın ordusuna alternativ bir sistemdir. Ona görə də SEPAH ziddiyyətli hesab olunur.
Bundan başqa, SEPAH-ın Qüds qolu xarici əks-kəşfiyyatla məşğuldur. İran hakimiyyəti SEPAH-ın Qüds qolu vasitəsilə xaricdə qoşun saxlayaraq müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir. Məsələn, Suriya, Yəmən, İraq və s. Hansı yerə ki, Qüds qolu qoşun yeridə bilmir, o zaman onların təlimatçıları fəaliyyət göstərirlər.
Heç şübhəsiz ki, İranda son zaman baş verən etiraz aksiyaları SEPAH daxilində də ciddi fikir ayrılığının yaranmasına səbəb olub. Bu yaxınlarda İranda çıxan “Cümhur-e İslami” qəzetindəki bir məqalədə qeyd edilmişdi ki, “əgər ötən ildəki hadisələrin təkrarlanmasını istəmir, sağ qalmaq istəyirsinizsə, dəyişiklik edin”. SEPAH daxilində bir sıra qüvvələrin Xamenei rejimini devirməsi üçün cəhdi də rejimdən bezmələrinin göstəricisi sayıla bilər.
SEPAH daxilində bir sıra qüvvələr qonşu dövlətləri də təhdid edir. Azərbaycanın təhdid olunması da SEPAH daxilindəki ziddiyyətin törəməsidir. Artıq İran hakimiyyətinin əsas güc qüvvəsi olan SEPAH-da çat yaranıb. Baş verən hadisələr də SEPAH daxilindəki çatın görünən və görünməyən məqamlardandır. Ehtimal etmək olar ki, İranda vəziyyət gərginləşdikcə SEPAH daxilindəki çat daha da dərinləşəcək.
Beynəlxalq ictimaiyyət SEPAH-ı terrorçu təşkilat elan edərsə, bu hərbi qurumun vəziyyəti daha da ağırlaşacaq. Bu isə perspektivdə İran rejiminin terrorçu kimi elan olunmasına gətirib çıxaracaq. Çünki SEPAH Tehran rejiminin əsas qüvvəsidir. Artıq İrandakı hakimiyyət daxilində də çox ciddi çatlar yaranır. Bu barədə məlumatlar ictimaiyyətə sızır. Beləliklə, perspektivdə İranda hərbi çevrilişin baş verməsi ehtimalı daha da artır.