Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İran rejimi etirazlara qarşı silahlardan istifadə edir: ölənlərin sayı artır

İranda 15 gündür davam edən kütləvi etirazlar getdikcə daha sərt formada yatırılır. Sosial şəbəkələrdə yayılan videolarda dünən gecə saatlarında Tehranın Punak meydanı və ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində minlərlə insanın küçələrə axışaraq hökumət əleyhinə etiraz etdiyi görünür. Etirazlar ölkə üzrə 585 məkanda, 186 şəhərdə və İranın bütün 31 vilayətini əhatə edib. Təhlükəsizlik qüvvələri isə etirazlara qarşı gözyaşardıcı qaz, canlı güllələr və pnevmatik silahlardan istifadə edib.

Bir neçə gündür ölkədə internet və telefon rabitəsinin kəsilməsi səbəbindən etirazları xaricdən izləmək çətinləşib. Beynəlxalq KİV-lər ölənlərin sayını müstəqil şəkildə qiymətləndirə bilmir. İran hökuməti də hələlik qurbanların sayını açıqlamayıb.

Ölənlərin sayı 544 nəfərə çatıb

ABŞ-dəki İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) yanvarın 11-də yaydığı son məlumata görə, İranda ölənlərin sayı 544 nəfərə çatıb, azı 10 681 nəfər saxlanılıb. Agentlik məlumatı iranlı fəallara istinadla yayıb.

Son iki həftə ərzində baş verən etirazlar zamanı həlak olanlar, o cümlədən təhlükəsizlik qüvvələrinin üzvləri üçün “şəhidlər” adı altında üç günlük milli matəm elan edilib. Dövlət mediasının məlumatına görə, son günlərdə 100-dən çox təhlükəsizlik əməkdaşı ölüb, müxalif fəallar isə ölənlərin sayının daha çox olduğunu bildirirlər.

İranda etirazlar 2024-cü il dekabrın 28-də artan inflyasiya və milli valyutanın kəskin ucuzlaşmasına qarşı başlayıb.

Hadisələr fonunda xaricdə yaşayan müxalif fiqurlar iranlıları küçələrə çıxmağa və hökuməti devirməyə çağırıblar. İrandan sürgün edilmiş vəliəhd şahzadə Rza Pəhləvi isə etirazçılara “küçələri tərk etməyin, qəlbim sizinlədir” mesajını göndərib.

İran XİN başçısı: “Həm müharibəyə, həm danışıqlara açığıq”

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkə müharibəyə hazırdır, eyni zamanda danışıqlara da açıqdır.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranda hökumət əleyhinə etirazların zorakılıqla yatırılmasına cavab olaraq mümkün hərbi müdaxiləyə eyham vurmasından sonra səsləndirilib.

“Biz müharibə axtarmırıq, amma müharibəyə hazırıq. Hətta əvvəlki müharibədən də daha hazırlıqlıyıq”, – Abbas Əraqçi Tehranda xarici səfirlərin iştirakı ilə keçirilən və dövlət televiziyasında yayımlanan konfransda deyib.

Əraqçi əlavə edib ki, Tehran ədalətli, bərabər hüquqlara və qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazırdır. “Biz danışıqlara da hazırıq, amma birtərəfli deyil, ədalətli danışıqlara”, – nazir vurğulayıb.

İran rəsmiləri həmçinin bildiriblər ki, Tehranla Vaşinqton arasında əlaqə kanalları açıq qalır. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Abbas Əraqçi ilə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında təmaslar mövcuddur.

Etirazlara reaksiyalar və ABŞ-nin mümkün müdaxiləsi

İran hakimiyyətinin ABŞ ilə diplomatiyaya açıq olduqlarını bildirməsi Trampın bazar günü Tehrandakı etirazlara qarşı repressiyalara cavab olaraq hərbi addımlar ata biləcəyinə işarə etməsindən sonra baş verib.

“Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk. Ordu bu məsələyə baxır və çox sərt variantlar masadadır”, – Tramp “Air Force One” təyyarəsində jurnalistlərə deyib. O əlavə edib ki, vəziyyətlə bağlı saatbasaat məlumat alır və yaxın vaxtlarda qərar veriləcək.

Tramp daha sonra bildirib ki, şənbə günü “İran liderləri” onunla əlaqə saxlayaraq danışıqlar istədiklərini bildiriblər. Lakin onun kimləri nəzərdə tutduğu və mümkün danışıqların hansı mövzuları əhatə edəcəyi aydın deyil. Qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar son aylarda dalana dirənib.

“Məncə, onlar ABŞ tərəfindən daim təzyiq altında olmaqdan yorulublar”, – Tramp deyib. O əlavə edib ki, görüş üçün hazırlıq gedir, lakin İranda baş verənlərə görə ABŞ hərəkətə də keçməli ola bilər.

Check Also

Gürcüstanın keçmiş Baş naziri həbs edilib

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbs edilib. Bu haqda məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb. Məlumata görə, Qaribaşvili …