Drone Cameras

İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin bəzi detalları məlum olub

İranın hərbi əməliyyatların tam dayandırılması haqqında Pakistan vasitəsilə ABŞ-yə ötürülən 14 bənddən ibarət təklifinin bəzi detalları məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ABŞ tərəfinin təqdim etdiyi doqquz maddəlik təklifdə iki aylıq atəşkəs tələbi olub. Rəsmi Tehran isə buna cavab olaraq bildirib ki, məsələlər 30 gün ərzində həll edilməli və diqqət atəşkəsin uzadılması əvəzinə, “müharibənin başa çatması”na cəmlənməlidir.

İranın 14 bəndlik təklifində hərbi təcavüzün edilməyəcəyinə dair zəmanət, ABŞ hərbi qüvvələrinin İranın ətraf ərazilərindən çıxarılması, dəniz mühasirəsinin aradan qaldırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması, təzminat ödənilməsi, sanksiyaların ləğvi və bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin sona çatması, Hörmüz boğazı üçün yeni mexanizm və s. kimi mövzular yer alıb.

“Tasnim” İranın ABŞ-dən təkliflərə rəsmi cavab verilməsini gözlədiyini vurğulayıb.

Daha əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib ki, İran Pakistan vasitəsilə ABŞ-yə münaqişənin nizamlanması üzrə yeni plan ötürüb.

ABŞ Prezidenti Donald Tramp isə “Truth Social” sosial şəbəkəsində paylaşım edərək vurğulayıb ki, İranın cavabını çətin qəbul etsin.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Check Also

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” …