İranın Xuzistan əyalətinin Əhvaz şəhər Məhkəməsi “Hərəkat-e ən-Nidal” silahlı qruplaşmasının 6 üzvü – Əli Mojdam, Məhəmməd Reza Müqəddəm, Moin Xanfəri, Həbib Dariş, Adnan Qobishavi və Salim Musəvi barədə ölüm hökmü çıxarıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, onlar 2016 və 2017-ci illərdə Xuzistan əyalətində silahlı hücum təşkil etməkdə ittiham olunur.
Məlumata görə, Əli Mojdam və Məhəmməd Rza Müqəddəm İranda “Hərəkat ən-Nidal əl-Ərəbi” silahlı qruplaşmanın liderləridir.
Qeyd edək ki, bu qruplaşma 2000-ci ildə Həbib Nebaqanın başçılığı altında yaradılıb və 2016-cı ildən silahlı fəaliyyətə başlayıb. Qruplaşmanın İsveç və Danimarka kimi Avropa ölkələrində üzvləri mövcuddur.
Xatırladaq ki, son aylar İran hakimiyyətinə qarşı etiraz aksiyasının keçirildiyi əsas bölgələrdən biri də Xuzistan əyalətidir.
Mütəxəssislər ehtimal edir ki, Tehran rejimi belə edam hökmləri ilə etirazçı yerli sakinlər arasında xof yaradır. Habelə İranın məhkəmə sistemi daha çox siyasi mahiyyət daşıdığından adları çəkilən şəxslərin silahlı hücum keçirdiklərinə də şübhələr var.