Bazar ertəsi , 6 May 2024
Drone Cameras

İranlı diplomatdan Azərbaycana qarşı iddialar – “Naxçıvan İrana birləşdirilməlidir”

İranlı diplomat, İranın Əfqanıstan və İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zöhrəvənd müsahibəsində Azərbaycan və Türkiyə haqqında “bəyanatlar” verib.

“Xəbər lenti” teleqram kanalında yayılan məlumata görə, diplomat belə deyib: “Türklər Zəngəzuru da almaq istəyirlər. Onlar bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər. Xameneyi bununla bağlı lazımi xəbərdarlıq edib onlara. Naxçıvan və Qarabağ məsələsi bizim əleyhimizə bitdi. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Naxçıvan bizimdir. Türkiyə ilə Azərbaycan arasında birbaşa yol, hətta yeraltı tunel çəkilsə belə, bizim problemimiz olacaq.

Çünki İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yeganə element tranzit yoludur. Türklər doğrudan da yolları bağlayırlar. İndi də Türkiyə-İran sərhədində divar çəkirlər. Uzun müddətdə türklərlə problemimiz olacaq”.

Daha sonra Əbülfəzl Zöhrəvənd deyib ki, bir çox səbəblərə görə Ermənistan Azərbaycanla müqayisədə İran üçün prioritetdir və Azərbaycan NATO-nun İranı parçalaya biləcəyi bir nöqtədir: “Ermənilər İranın müttəfiqləridir. Tarix boyu həmişə belə olub.

Azərbaycan deyə bir yer yoxdur. Bunlar (azərbaycanlılar) doğrudan da İran azəriləridir. Əks halda onlar bu ərazini tərk etməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir.

İlhaq edilmədikcə İranı xərçəng hüceyrəsi kimi narahat edəcək.

Azərilər iranlıdır. Ancaq onlar öz şəxsiyyətlərini müəyyənləşdirirlər. Guya Orta Asiya türklərindən idilər. Onların şiəliyə bağlılığı yoxdur. Namərdlər saxta tarix yazır. Biz buna imkan verməməliyik”.

P.S. Ümid edək ki, iranlı diplomatın bu sərsəmləməsinə layiqli cavablar veriləcək.

Musavat.com

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …