Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Samir Adıgözəlli : “Xalqı bu qədər incitmək olmaz, AZAL mütləq şəkildə biletlərin qiymətlərinə güzəştlər tətbiq etməlidir

Tədris ilinin başlanmasına bir aydan az vaxt qalıb. Ölkəmizdə təhsil alanlarla yanaşı müxtəlif ölkələrin ali məktəblərində oxuyan gənclərimiz də çoxdur və tədris ilinin başlanması ərəfəsində onları və ailələrini ən çox narahat edən məsələ təyyarə biletlərinin qiymətləridir. Son günlər xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinin qiymətlərində güzəştlər tətbiq edilməsi məsələsi aktuallaşıb.

Bir sıra millət vəkilləri, ictimaiyyət nümayəndələri AZAL-a müraciət edərək tələbələrə təyyarə biletlərinin ucuz satılmalı olduğunu bildiriblər. Qeyd edilib ki, AZAL tələbələrə biletləri güzəştli qiymətə satmalıdır. Ekspertlər deyir ki, camaat əziyyət çəkir. Elə ailə var ki, iki-üç övladını xaricdə oxumağa göndərir. Biletlər də həddən artıq baha olduğu üçün valideynlər çətinlik çəkir.

AZAL niyə tələbələrə təyyarə biletləri ilə bağlı güzəştlər tətbiq etmir? Bu jesti etmək AZAL üçün çoxmu çətindir?


İSBAM sədri Samir Adıgözəlli “Bakı Xəbər” qəzeti ilə söhbətində bildirib ki, təhsillə, sağlamlıqla bağlı insanları incitmək olmaz, xüsusən də imkansız şəxslərin vəziyyəti nəzərə alınmalıdır: “Xalqı bu qədər incitmək olmaz.

AZAL mütləq şəkildə biletlərin qiymətlərinə güzəştlər tətbiq etməlidir, buna imkanı da var. Təhsil, sağlamlıq elə bir məsələdir ki, insanılar üçün çox vacibdir. Bu turizm deyil ki, “pulun yoxdur evində otur, istirahətə getmə” deyəsən. Çünki bilirsiz ki, ölkə daxilində qiymətlər çox bahadır, istirahət yerlərinin, otellərin qiyməti od tutub yanır. Bu qiymətə xalq necə getsin ailəsi ilə istirahət etsin?

Təhsil belədir ki, bu vacibdir. Təhsil xalqın sabahıdır. Təhsilə biganə yanaşılanda bu millətin sabahı nə olacaq? Heç kəs bunu fikirləşmir. “AZAL” heç bir güzəşt tətbiq etmək istəmir, halbuki, bu güzəşti tətbiq etmək, tələbələr üçün gediş gəlişi ucizlaşdırmaq bu qurumun əlindədir. Bu “AZAL”a niyə heç kəs bir söz demir? Bu qədər qiymət artımı olar, bilet bu qədər baha olar? Xaricdə çoxlu sayda gənclərimiz oxuyur, təhsil alırlar, onların çoxunun valideynləri imkanlı deyil, uşaqlarını yola salmağa çox çətinlik çəkirlər.

Bu şirkət belə düşünür ki, tələbə gedəsidirsə mütləq ata-anası dost-tanışdan, qohum-əqrabadan borc pul alıb uşağını yola salacaq. AZAl nə düşünür, niyə çağırışlara cavab vermir? Camaata niyə əziyyət edir? Bilmir ki, vəziyyət necədir, camaatın dolanışığı aşağıdır? Başa düşürük, quru sərhədləri açmırsız. Amma xaricdə oxuyan tələbələrin quru sərhəddən keçməsini tənzimləmək o qədər çətin məsələdir? Hesab edirəm ki, bu məsələ ilə bağlı hökumət təcili addım atmalıdır.

Ortada kasıb təbəqə var və onların imkanları bəllidir. Varlı təbəqə, vəzifəli adamlar, onların uşaqları onsuz da problemsiz gedib-gəlirlər. Bəs kasıblar uşaqlarını necə yola salsınlar? AZAL-ın xaricdə oxumağa gedən tələbələrlə bağlı addım atması vacibdir. Camaatın vəziyyəti nəzərə alınmalıdır. Bu məsələyə barmaqarası baxmaq olmaz”.

İradə SARIYEVA

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …