“İraq İranın su siyasətinə görə Tehrana nota verib”.
Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın su ehtiyatları naziri Mehdi Raşid bildirib.
Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı, həmçinin suvarma baxımından İraq üçün mühüm əhəmiyyət kəsb edən Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə təhdid yaradır:
“İran ərazisindən başlayan Kiçik Zab və onun qollarının su ehtiyatlarından qeyri-məhdud şəkildə istifadə Dəclə çayının İraqa axınını azaldır. Beləliklə, Tehranın qonşularının maraqlarını nəzərə almadan həyata keçirdiyi su siyasəti onlar arasında gərginliyin artmasına səbəb olur”.
M.Raşid vurğulayıb ki, İraqın ən böyük su elektrik stansiyalarından biri Kiçik Zab çayı üzərində yerləşdiyi üçün su axınının azalması ölkənin elektrik enerjisi istehsalına təsir edir.