Azərbaycana səfəri çərçivəsində İraq Prezidenti Əbdüllətif Camal Rəşid martın 3-də Heydər Əliyev Mərkəzində olub.
Boyukmillet.com xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi İraq Prezidentində böyük maraq doğurub.
Prezident Əbdüllətif Camal Rəşid “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə – səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.
Sonra Prezident Əbdüllətif Camal Rəşid “Klassik avtomobillər sərgisi” ilə tanış olub.
Daha sonra Prezident xatirə kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq İraq Prezidenti Əbdüllətif Camal Rəşiddə xoş təəssürat yaradıb.