Bazar , 19 May 2024
Drone Cameras

İsmayıl Əhməd yazır: Yaradılış sirri 3-cü hissə

Qeybdən xəbər?!
Bəqərə surəsinin 30-cu ayəsinin ikinci hissəsində diqqəti başqa bir məqam çəkir. O da mələklərin Allaha “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” sualı ilə müraciət etmələriylə əlaqəlidir? Verilən sualın özün barədə belə bir sual yaranır: Mələklər bəşər övladının qan tökəcəyini haradan bilə bilərdilər? Cavabında iki fikir irəli sürülür: 1) Mələklər bunu lövhi-məhfuzdan oxumuşlar. 2) İnsanlardan əvvəl yer üzündə cin tayfaları olmuş, onlar bir-birlərinin qanını tökmüş və mələklər də bunu görüb Allaha belə bir (etiraz xarakerli) sual vermişlər. Belə bir yanaşma qeyri-ciddi nəzərə çarpır. Əvvəla ona görə ki, təsəvvürümüzdə lövhi-məhfuz kimi yer alan bir gerçəklik materiya halında olan və üzərində olub-keçənlər yazılan iri lövhə deyil, bəlkə İlahi elmdir. Cinlərə gəlincə, belə bir yanaşma da qənaətbəxş deyil. Çünki bir qövm və tayfanın etdiyi günah və itaətsizliklər, bunun nəticəsində də məhvə məhkum olmaları başqa bir qövmün eyni aqibətə məhkum olma anlamına gəlmir. Hər iki mənanı nəzərdən keçirib verilən cavabın əsassız olduğu ortaya çıxır. Elə isə mələklər qeybdən necə xəbər verə bilərdilər?! Bir halda ki, Nəml surəsinin 65-ci ayəsinə görə qeybi birmənalı olaraq bilən Allahın Özüdür: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!”. Demək mələklər qeybi bilməmiş, bilmədikləri üçün də belə bir sualı vermişlər. Elə isə mələklər belə bir bilgiyə necə sahib olmuşdular. Suala cavab vermək üçün ayənin tərcüməsinə yenidən nəzər salmalıyıq: “Yer üzündə fitnə-fəsad törətməkdə və qan tökməkdə olan bu varlıqlarımı xəlifə olaraq təyin edirsən?”. Yəni insanlar artıq var, yaşayır, bir-birlərinin qanını tökür və mələklər də bunu görüb belə bir etiraz xarakterli sual ünvanlayır, Allahdan da növbəti ayədə onları razı salacaq cavabı alırlar. Bu isə o deməkdir ki, Adəm ilk insan deyil, həmin insanlar arasından seçilərək peyğəmbərliyə təyin olunan ilk peyğəmbərdir. Əlbəttə, bu bir baxışdır, daha doğrusunu Allah bilir.

Yaradılış sirri
(III hissə)
İblis və Adəm
Adəmə səcdə əmri
(şəkil üstü yazı) Quranın bir neçə ayəsində İblisin Adəmə səcdə əmri almasına rəğmən bundan imtina etdiyi göstərilir. Həmin ayələrdən birində (sonradan şeytanlaşan) İblisin Adəmə səcdə etməməsinin səbəbi onun öz dilində açıqlanır.“(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi” (Əraf, 12).

Məni Sən azdırdın

İblis öz məntiqinə görə yaradılış ünsürü odu torpaqdan (yəni özünə görə daha dəyərsiz ünsürdən) xeyirli və dəyərli hesab edərək səcdə etməməkdə özünə haqq verir. Bir haldaki, həm o,Allahın iradəsi ilə oddan, həm də Adəm Allahın iradəsi ilə palçıqdan yaradılmışdı. Bu isə o deməkdir ki, İblis Allahın səcdə əmrinə etiraz etməzdən əvvəl onun iradəsinə qarşıda çıxır. Quran bu ayələrlə insan oğluna sahib fitri (yəni özünün əldə etmədiyi, yaradılışdan onunla olan) xüsusiyyətlərlə öyünməməli olduğunu tərbiyə edir. Yəni kim əldə etmədiyi xüsusiyyətlərlə öyünürsə bilsinki, iblisləşməyə doğru yönəlir. Bununla yanaşı, Qurandan İblisin Allaha müraciət edərək “məni sən azdırdın” etiraz xarakterli müraciəti ilə qaşrılaşırıq. Allahla İblis arasında buna oxşar dialoqlara Quranın başqa ayələrində də rast gəlmək olur. Onlardan biri də Hicr surəsinin 39-cu ayəsidir: “(İblis) dedi: “EyRəbbim!Məni  azdırmağına (rəhmətindənkənaretməyinə) əvəzolaraq and içirəmki, məndə (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!”. Və bu ayəni təklikdə götürüb “bu şeytanın əvvəlcədən Allah tərəfindən müəyyən olunmuş alın yazısı, yəni Allahın onu azdırma aqibəti var idi ”-deyə bilmərik. Çünki əgər şeytanın qədərində belə bir acınacaqlı aqibət olsaydı Allah-Taala ondan “Nə üçün sənə əmr etdiyimə səcdə etmədin?” sualını verərdimi?! Və buradan yola çıxaraq bunu Cənnətdən (yer üzündəki səfalı yerdən) çıxarılan Adəmin aqibəti barədə də demək olar. Bir haldaki, əgər onun Cənnətdən çıxarılması əvvəlcədən İlahi qəza və qədərdə yer alsaydı, bu halda nə üçün tövbə etməli idi. Yəni Adəm barədə “bütün bunlar onun üçün proqram halına salınmış və o da bir növ öz rolunu oynayırdıı” deyə bilmərik. Bu isə o deməkdir ki, bütün bu hərəkətlər istər İblis olsun, istərsədə Adəmin şəxsi seçimləri idi. Lakin bu məsələləri başa düşmək üçün bu ayələrin arasını dolduran başqa ayələri nəzərdən keçirmək lazımdır.


Şeytanın günah payı
Əgər Adəm üçün bütün bunlar əvvəlcədən ssenari olaraq hazırlanmışdısa, nə üçün o, “mən özümə zülm etdim”, “əgər məni bağışlamasan” kimi ifadələrdən istifadə edir? Əgər hər şey əvvəlcədən proqram kimi qurulsaydı, sorğu-sual zamanı həm Adəm, həm də İblis Allaha “Sən bizim üçün bunları qərar verdin, biz də etməli olduğumuzu etdik” – deyib özlərinə bəraət qazandırmağa çalışardılar. Bir daha Qurana nəzər salaq: “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu”. Ayənin sonunda qeyd olunduğu kimi İblis özü öz ixtiyarı ilə bu yolu seçir ki, “imtina etdi” və “kafirlərdən oldu” ifadəsi buna açıq-aşkar dəlildir. Yəni İblis öz iradəsi ilə təkəbbürlük üzündən bu mövqedən çıxış edir və küfr yolunu da özü öz ixtiyarı ilə seçir. Başqa sözlə desək, Allah onu Öz rəhmət dərgahından durduğu yerdə qovmur. Bunu Əraf surəsində eyni mövzu işıqlandırıldıqda da görürük. Və buradan belə bir sual da yaranırr: Biz insanların etdiyimiz günahlarda Şeytanın da payı varmı? Yoxsa bu da bizim fitrətimizdən irəli gəlir? Quran İbrahim surəsinin 22-ci ayəsində bu sualı məhşər gününün sorğu-sualını işıqlandırarkən belə cavablandırır: “İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!”. Ayənin mətnindən məlum olur ki, heç də bütün günahların müəllifi şeytan deyil, bəlkə bir çox hallarda həm də şeytanlaşan insanların özləridir. Bununla yanaşı, Zuxruf surəsinin 36-cı ayəsini də nəzərdən keçirməliyik: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar”. Buradan da belə məlum olur ki, Şeytanın insana ürcah olması yalnız insanın Allahın zikrindən boyun qaçırdıqdan sonra başlanır. Yəni insanın Allahdan uzaqlaşmasının ən başlıca səbəbkarı Şeytan yox, onun özüdür. Şeytan isə özünü ona ürcah edənlərin üzərində çalışır və onları istədiyi kimi ram edə bilir. Məryəm surəsinin 83-cü ayəsində də buyurulur: “(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?”. Buradan belə məlum olur ki, Şeytan insanlara küfrə (günaha) aludə olduqdan sonra hakim olur. Əlbəttə, bu heç də Şeytanın insanı azdırmağa meyilli olmadığı anlamına gəlmir. Qeyd olunan ayələr sadəcə Şeytanın insanın özünü ona meyl etməsindən sonra hakim olacağından xəbər verir. Əraf surəsinin 16-17-ci ayələrində bu həqiqətə işarə olunaraq buyurulur: “(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”. Buna bənzər başqa bir ayələrin davamında isə Allah-Taala İblisə cavab olaraq buyurur: “Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!” (Hicr, 42). Sad surəsinin 83-cü ayəsində isə bu etirafı İblisin öz dilindən eşidirik: “Yalnız Sənin sadiq bəndələrindən başqa!”. Bu ayələrdən də belə məlum olur ki, Allah insanın fitrətində Şeytanın fitnəsindən qorunması üçün iman adlı sığortalayıcı güc qərar vermişdir. Onun Şeytanın təsiri altına düşməməsi isə yalnız özünü sığortalayacq gücdən xaric edib nəfsinə və şeytana uymasındadır. Bəs elə isə nə üçün hər şeyə qadir olan Allah buna icazə verir?! Nə üçün İblisə “otur oturduğun yerdə, mənim bəndələrimlə işin olmasın” əmrini vermir? Belə olduğu təqdirdə həyatın bir anlamı və məhşərin sorğu-sualına ehtiyac olmayacağı önə çıxır. Çünki insan azad, iradə və ixtiyar sahibi olan bir varlıqdır. Həm günaha, həm də savaba sahib olduğu azadlıqla öz iradə və ixtiyarı ilə istiqamətlənir. Və buradan başqa bir sual da yaranır: Demək Şeytan insanı azdırmağa vəzifələndi? Yəni əgər Allahın izni və iradəsi olmasaydı Şeytan necə güclü varlıq olsaydı yenə də insana qarşı hər hansı bir mənfi təsir göstərə bilməzdi. Əgər belədirsə, demək bu imkanı ona Allah vermişdir. Və əgər Allah vermişsə, onda nə üçün Şeytan bu qədər qınanmalıdır? Axı necə olsa o ona tapşırılanı ixtiyarında olan imkanlarla yerinə yetirmiş olur. Quran ayələrinə nəzər saldıqda belə bir iddianı dəstəkləyəcək hər hansı bir ifadə və fikirlə qaşrılaşmırıq. Bəlkə bunun tam əksini görürük. Belə ki, Allah bütün rolları hazır qoymuş, lakin onları kimsənin ixtiyarına qoymamışdır. Səni “sən İblis olub insanları yoldan azdıracaqsan!” və ya “sən də Adəm olub günahlarına görə tövbə edəcəksən” – deyə kimsəyə vəzifə verməmişdir. Bu seçim onların hər birinin öz ixtiyarına qoyulur. Və bu seçim olmadan nə sınaq və imtahanın bir anlamı olar, nə də onların cavabı olan mükafat və cəzanın. Sad surəsinin 85-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur: “And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”. Bu mövzu üzərində dayanılmalı olan başqa bir məsələ ilk baxışda İblisin Allaha qarşı çıxması və ona qarşı müxalif mövqedə durması olur. Və diqqəti çəkən başqa bir məqam Şeytanın Adəm övladını günaha sövq etməsi olur. Qeyd etmək lazımdır ki, müxalifət mövzusunu insanların bir-birlərilə müxalifəti kimi başa düşməməliyik. Çünki Allah bənzəri olmayan bir varlıqdır. Necə deyərlər, “Zehninizə nə gəlirsə, Allah O deyil”. Bunun üçün də müxalifət, hətta yaxınlıq məsələsini insanların bir-birlərinə olan müxalifət və yaxınlığı kimi qəbul etməməliyik. Belə ki, həm müxalifət, həm də yaxınlar təsir və əks-təsirdən yaranır ki, Allah da kimsənin təsiri altına düşməyən mütləq varlıqdır. İblisə gəlincə, bunu adi yanaşmadan başqa bir şey başa düşməməliyik.

Adəm və Həvva
Adəmlə əlaqəli olan mövzularda yer alan başqa bir məqam Həvvanın varlığıdır. İblislə Allah arasında gedən bu dialoqlar zamanı Həvva var idi? Yoxsa mənşəyi məlum olmayan bir çox rəvayətlərdə qeyd olunduğu kimi sonradan Adəmin sol qabırğasından yaradıldı? Adəm fərd olaraq deyil, növ olaraq qəbul edildikdə məsələyə aydınlıq gəlir. Yəni insan toplusu olmuş və onlardan biri də Həvva olmuşdur. Adəmlə Həvva da Quranda nümunə olaraq yer almışdır. Quranla yanaşı digər səmavi kitablarda da Həvva Adəmlə yanaşı onun itaətsizliyə səbəb olması kimi təqdim edilir.

Qadağan edilmiş meyvə
Yəhudilik və xristianlıqda Adəmlə Həvvaya qadağan edilən ağac yaxşılıq və pisliyin fərqinə varma simvolu kimi təqdim olunur. İslamda isə həmin ağacın növünə əsla işarə edilmir. Hərçənd bəzi rəvayətlərdə onun alma, əncir (hətta dənli bitkilərdən olan) buğda da olduğu göstərilir. Bir halda ki, onun necəliyi və hansı növə aid olması əsla önəmli deyil. Qadağan edilən meyvə Adəm övladının düşünən beyninin süzgəci idi. İslam dini yəhudilik və xristianlıqdan fərqli olaraq bu məsələyə tam fərqli yanaşır. Yəni İslama görə Adəmi yoldan çıxaran heç də Həvva deyil, bəlkə onların hər ikisinə vəsvəsə edən Şeytanın özüdür. Quranda keçən “vəsvəsə ləhuma”) (o, iki nəfərə vəsvəsə etdi) və (və əzəlləhuma) “və o, iki nəfəri yoldan azdırdı” ifadələri buna açıq-aşkar sübutdur.
Yaradılış sirri
(IV hissə)
Müqəddəs kitablarda (Tövratda) Adəmin 930 il yaşadığından xəbər verilir. Bir halda ki, Quran bu barədə hər hansı bir məlumat vermir. Hərçənd hədislərdə bu rəqəm 1000 il göstərilir. Nə üçün Quran bu barədə bir xəbər vermir? Bizim qənaətimizə görə, Quran insan oğlunu sahib olduğu bilgidən xaric, başqa sözlə desək, bilə bilmədiyi və bilməsinin ona lazım olmadığı məlumatların üzərində dayanmır. Və əgər hardasa bu barədə xəbər verilirsə, bu sadəcə ibrətamiz işarələrdir. Adəmin harada dəfn olunduğu barədə nəql olunan rəvayətlər də kifayət qədər fərqli, hətta ziddiyyətlidir. Belə ki, bəzi rəvayətlərdə (bu rəvayət onun Cənnətdən endirildiyini dəstəkləyənlər tərəfindən nəql olunur) onun ilk dəfə endiyi Hindistan yarımadasında, bəzi rəvayətlərdə isə ilk ibadətgahın yerləşdiyi Məkkə şəhərində, daha dəqiq desək, Əbu Qubeys dağında dəfn olduğundan xəbər verillir. Ümumiyyətlə, nəinki Adəmin, hətta ondan sonrakı və sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) yaxın zamanlarda yaşamış peyğəmbərlərin belə harada dəfn olunduğu barədə hər hansı dəqiq məlumatımız yoxdur. Və əgər hansısa peyğəmbərin dəfn olunduğu yer barədə məlumat verilir və yer göstərilirsə, bu adi ehtimaldan başqa bir şey deyil.


Adəmin kitabı
Adəmin ilk peyğəmbər olduğuna dair verilən məlumatlarda ona 21 səhifəlik kitabın nazil olduğu da xəbər verilir. Kitab ifadəsi barədə yaranan fikir ayrılıqlarının əsas səbəbi bir çoxlarının kitab deyildikdə iki cild arasında qərar tutan yazılı səhifələrin nəzərdə tutulduğu qeyd olunur. Bir halda ki, Qurana görə kitab məlumatlar toplusudur ki, bəzi ayələrdə “suhuf” olaraq keçir. Və əgər Adəm də ilk peyğəmbər olmuşsa, ona verilən bilgi toplusuna da kitab deyilə bilərdi.
Yaş həddi
Həzrət Adəmin ilk insan və ilk peyğəmbər olduğunun üzərində dayansaq onun bu vəzifəyə hansı yaş həddində çatması, uşaqlıq, yeniyetməlik və cavanlıq dövrlərinin də keçməsi barədə bir sıra suallar yarana bilər. Bir halda ki, bu barədə məlumat yoxdur. Əldə olan məlumat isə onun peyğəmbərlik dövründən sonradır. Belə ki, əgər onun uşaqlıq dövrü müzakirə edilərsə, anasının kimliyi müzakirə olunacaq, bu da silsiləvarı əlaqələrin yarandığına və heç bir nəticə əldə olunmayacağı ilə nəticələnə bilər.
İlk ibadətgah
Quran yer üzündə inşa olunan ilk ibadətgahın Məkkədəki Kəbə evinin olduğunu vurğulayır: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali-İmran, 96). Və əgər ilk ibadətgah Kəbə evi olmuşsa, onun insanlığın ilk nümayəndəsi olan Adəmə aid olması da mümkündür. Sonrakı dövrdə İbrahim peyğəmbərlə (ə) oğlu İsmail (ə) həmin binanı təməldən inşa etmişlər.
Allah nə üçün bizi yaratdı?
Allahın heç nəyə və o cümlədən bizə ehtiyacı olmadığı bir halda, nə üçün bizi yaratdı?
Quranda bu sualın dörd cavabı var:

  1. Məqsəd və səbəb
    “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).
  2. Allaha dua edilsin deyə
    “(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”” (Furqan, 77).
  3. Həyatın imtahan olduğunu bəyan etmək
    “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (Mulk, 2).
  4. Mərhəmətin qaynağı olaraq insanı yaratdı
    “Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır” (Hud, 119).
    Məntiqi cavablandırma
    Allah bütün ismlərinə əzəli və əbədi sahibdir. Və bu ismlərdən biri də “Xaliq” (yaradan) ismidir. Yaradıcı olana isə “nə üçün yaratdın?” sualı verilməz. Əgər günəş yer üzünə işıq verirsə, “nə üçün günəş işıq saçır?” sualı verilməz. Eyni qaydada olaraq hər hansı bir əsəri yaradan sənətkar barədə də belə bir sual verilməz. Çünki bu onun zati xüsusiyyətidir. Yənı varlığının ayrılmaz hissəsidir. Allaha gəlincə, Onun sifətləti yaradılış aləmində təcəlli etməlidir. Demək əgər Allah üçün yaradıcı ismindən istifadə olunursa, bu kimi sullar verilməməlidir. Necə ki, dülgərə “sən nə üçün dülgərlik edirsən?” sualı verilmir. Hədisi Qüdsidə nəql olunan hədislərdən birində buna cavab verilir (Allahın dilindən deyilir): “Mən gizli bir xəzinə idim, bilinməyi istədim”. Hətta bəzən belə bir sual da verilir: “Allah məni yaratmazdan əvvəl nə üçün məndən bunu soruşmadı? Soruşsaydı bəlkə mən yaradılmaq istəmədiyimi deyəcəkdim…”. Sualı vermək asandır, amma bir qədər məntiqi olmaq lazımdır. Çünki bu sualı vermək üçün insan oğlunun ilk növbədə var olması lazımdır. Var olmadan, yəni şüur sahibi olmadan necə belə bir sual vermək olar?!

İki əlimlə yaratdım
Sad surəsinin 75-ci ayəsində insanın yaradılışı barədə belə bir ifadədən istifadə olunur: “(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?””. Bildiyimiz kimi hər dilin özünəməxsusluğu var. Və hər bir dildə kəlmələrin həqiqi və məcazi mənalarda işləndiyi yerlər var. Məsələn, biri barədə “filankəs əliuzunluq edir”, “filankəs çox əliaçıq insandır” və ya “əlim üstündədir” kimi ifadələrdən istifadə olunur. Dil ilə azacıq tanış olan istənilən şəxsdən bunların mənasını soruşsan “bunlar məcazdır” – deyə cavab verəcək və birinci ifadədən məqsəd birinin başqalarının malına əl uzatdığını, ikincinin səxavətli olduğunu, üçüncünün isə nəyinsə və ya kimlərinsə nəzarət altında olduğunu vurğulayacaq. Demək “Allahın əli” ifadəsi məcazi anlam daşıyır. Belə ki, eyni məntiqdən çıxış edərək yəhudilər də Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” (Maidə, 64) ayəsinin zahiri mənasını əsas götürərək Allahın paxıl olduğunu bildirməkdən belə çəkinməmişlər. Bir halda ki, Allah barədə hər hansı bir fiziki xüsusiyyət nisbət verilə bilməz. Çünki fiziki varlığın əsas xüsusiyyəti yaradılmış olmasıdır. Yaradıcı barədə isə bunu söyləmək son dərəcə qeyri- məntiqi yanaşmadır. Allahın zatı barədə söylənilən ifadələrdən birində deyilir: “Zehninə hər nə gəlirsə bil ki, o Allah deyil”. Bunu Quranın özü də təsdiqləyir: “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). Və Quranda Allah Quranda Özünə göz və üz də nisbət verilir. Amma bütün bunlar hamılıqla məcazi anlamlardır. Yəni əl kəlməsi Allah barədə işləndikdə güc və səxavət, insan barədə işləndikdə isə fiziki üzv mənasında işlənmişdir. Yəhudilərin Allaha paxıllıq vermələrinə gəlincə Allah onlara belə bir cavab verir: “Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər”. Fəth surəsinin 10-cu ayəsində “Allahın əli sizin əlinizin üzərindədir” ifadəsindən istifadə olunur. Ayə müsəlmanların Peyğəmbərlə beyət etmə ərəfəsində nazil olur. Məlum məsələdir ki, beyət olunarkən iştirakçılar əllərini bir-birlərinin əllərinin üzərinə qoyurlar. Ayədə belə bir ifadədən məqsəd Allahın belə bir beyətə razı olduğunu bildirməkdir. Və yuxarıda qeyd olunan ayədən məqsəd “iki əlimlə yaratdım” ifadəsindən məqsəd “qüdrətinlə yaratdım” anlamına gəlir. Belə ki, Quranın digər ayələrində də “yəd” (əl, cəm halda əyd) kəlməsi güc mənasında da işlənmişdir. Necə ki, Zariyat surəsinin 47-ci ayəsində buyurulur: (vəssəma-ə bənəynahə bi əydin və inna ləmusiun) – “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik”.
Son


İsmayıl Əhməd
Karvan jurnalının şef redaktoru

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …