İsrail çərşənbə günü HƏMAS militanlarına qarşı mübarizə aparmaq üçün müharibə şəraitinə uyğun fövqəladə vəhdət hökuməti yaradıb. Bu arada 300,000-lik İsrail qoşunu mümkün hücum üçün Qəzza yaxınlığında cəmləşib.
İsrail baş naziri Benyamin Netanyahunun yaratdığı hökumətdə sabiq müdafiə naziri və hazırda mərkəzçi partiya sədri olan Benni Qants və indiki müdafiə naziri Yoav Qallant yer alır.
Bu hökumətin başlıca diqqəti ötən şənbə günü İsraili hücumları ilə şoka salan HƏMAS-la savaşmağa yönələcək.
Uzun illər siyasi parçalanmanın yaşandığı İsraildə bu, unikal bir gəlişmə kimi qiymətləndirilir.
Netanyahu vəd edib ki, HƏMAS-ın Qəzzadakı idarəçiliyinə son qoyacaq ki, bir də bu militant qrup İsrailə təhlükə törətməsin.
Beşgünlük döyüşlərdən sonra İsrail 1200 vətəndaşının və xarici vətəndaşın həlak olduğunu bildirib. Bunların sırasında 22 ABŞ vətəndaşı var. Yaralananların sayının 2700 olduğu güman edilir.
Fələstinli rəsmilər İsrailin cavab zərbələri nəticəsində 1055 adamının həlak olduğunu, 5200-nün isə yaralandığını bildirib.
Qəzza Zolağına qurudan hücum olarsa, bu rəqəmlərin hər iki tərəfdə artacağı gözlənilir.
İsrailin Qəzzaya qida, su, yanacaq və dərman tədarükünü kəsməsindən sonra fələstinlilər BMT-nin sığınacaqlara çevrilən məktəblərinə və sayı getdikcə azalan təhlükəsiz məhəllələrə sığınıblar. BMT döyüşlər başlayandan bəri Qəzza zolağında 263,000-dən çox insanın evlərini tərk etdiyini və onların sayının artacağının gözlənildiyini bəyan edib.
Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər yeddi xəstəxanaya verdiyi tibbi ləvazimatların çox sayda yaralının xəstəxanalara köçürülməsindən sonra tükəndiyini, Sərhədsiz Həkimlər isə fəaliyyət göstərdiyi iki xəstəxanada cərrahiyyə ləvazimatları, antibiotiklərin, yanacaq və digər ləvazimatların azalmağa başladığını bildirib.