Cümə , 3 May 2024
Drone Cameras

Prezidentdən Naxçıvanla bağlı müjdə: avtomobil yolu və dəmir yolu çəkiləcək – DETALLAR

10 noyabr Üçtərəfli Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı bənddən imtina etməklə Ermənistan guya Azərbaycana hansısa problemlər yarada biləcəyini düşünürdü. Ancaq faktiki olaraq Ermənistan növbəti dəfə özünə problem yaratdı.

Həm “dalan dövlət” mövqeyini gücləndirdi, həm də bir daha isbat etdi ki, üzərinə götürdüyü öhdəliyə sadiqliyi yoxdur, inamsız, etibarsız bir dövlətdir. Azərbaycan isə regionun lider dövləti kimi, hər zamankı tək növbəti variantlarını işə saldı. Bununla bağlı müxtəlif açıqlamalar vardı. Prezident İlham Əliyev bunun detallarını konkret açıqlayıb. Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində deyib ki, İran vasitəsilə Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılıq əldə olunub: “Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan eyni zamanda Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.

Ermənistanın baş naziri hələ də reallığı doğru-düzgün qiymətləndirə bilmədiyini növbəti dəfə nümayiş etdirib. “Ermənistan heç kimə heç nə vəd etməyib”. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan bunu oktyabrın 10-da OTA-nın efirində Türkiyə prezidentinin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatına münasibəti zamanı bildirib.

Deputat Sahib Alıyev koronavirusa yoluxub

Sahib Alıyev: “Zəngəzur dəhlizi açılacaq və İran üzərindən keçən marşrut burada, sadəcə, alternativ yol rolunu oynayır”

Baş nazir iddia edib ki, Türkiyə prezidentinə vəddən söhbət gedir: “Qeyd edək ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki biz Ermənistan Respublikası və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və ekstraterritorial dəhlizlə bağlı tələb kimi qəbul edirik. Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə bağlı heç bir vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə deyildi ki, sizin işlətdiyiniz dəhliz terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: bu, niyə qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz. O zaman cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin”. N.Paşinyan ardınca deyib ki, ümumilikdə qlobal dünyada “dəhliz” sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur. “Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var ki, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır”. “Ermənistan bəyan edir ki, regional kommunikasiyaların açılmasına hazırdır və maraqlıdır”, – hökumət başçısı ardınca vurğulayıb. Ziddiyyətli açıqlamalarını davam etdirən N.Paşinyan sonra deyib: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”. Aparıcı Petros Kazaryan xatırlatma edib: N.Paşinyan dəmir yolunun müəyyən hissəsində sürüşmə səbəbindən 500 milyon dollara ehtiyac olduğunu iddia edib. “Amma digər tərəfdən, bizim Mehri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”, – deyə baş nazir bildirib.

Avtomobil yolunun eyni hissədən keçməsinə gəlincə, Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm yolun, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir.

Hökumət başçısının fikrincə, yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. “Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”, – Paşinyan yekunlaşdırıb.

Paşinyan hələ də anlamır ki, ölkəsi dalan ömrünü yaşayacaq. Bəs İrandan keçməklə tikiləcək dəhliz layihəsi regionda hansı yeni mənzərələr açacaq? Mümkündürmü Ermənistan peşman olsun və alternativ olaraq Zəngəzur dəhlizi də reallaşsın?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a rəsmi Tehranın siyasətinə diqqət çəkdi: “İran, əlbəttə, heç də “ipinin üstünə odun səriləsi” dövlətlərdən deyil. Bu baxımdan, Naxçıvanla əlaqənin onun ərazisindən keçməsi yəqin ki, müəyyən suallar yarada bilər. Amma məsələ burasındadır ki, sözügedən marşrut həm də Avrasiyanın şərqini qərbi və güneyini quzeyi ilə birləşdirən beynəlxalq dəhlizin bir qolu rolunu oynayacağından burada qarşılıqlı asılılıq meydana çıxır. Yəni biz İrandan nə dərəcədə asılı olacağıqsa, İran da bizdən o dərəcədə asılı olacaq, hətta bəlkə daha çox. Üstəlik, sözügedən dəmir və avtomobil yollarının keçəcəyi torpaqlar İranın məhz bizimkilər yaşayan hissəsidir ki, şübhəsiz bunun onlara da faydası dəyəcək”.

Ermənistanın peşman olub-olmadığına gəldikdə, S.Alıyevin sözlərinə görə, bir dövlət gərək az-çox müstəqil siyasət yeridə ki, bu hissin nə olduğunu bilə: “Ümid edirəm ki, Ermənistana Zəngəzur dəhlizinin açılmasına razılıq verməməsini diqtə edənlər, müəyyən bir vaxtdan sonra fikirlərini dəyişəcəklər. İranı nəzərə almasaq, bunlar ilk növbədə o çevrələrdir ki, Bakı-Qars marşrutunun da əleyhinə çıxırdılar, indi isə onun yükdaşıma potensialının artırılması üçün aralarından hətta minnətçi düşənləri də var. Bütün hallarda mən bu fikirdəyəm ki, Zəngəzur dəhlizi açılacaq və İran üzərindən keçən marşrut burada, sadəcə, alternativ yol rolunu oynayır”.

Beşikdən məzara qədər... - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli: “Ermənistan regionun bir küncündə, atılmış, qovulmuş bir torpaq parçasından başqa heç bir işə yaramayacaq”

Siyasi şərhçi Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında öncə xatırlatdı ki, Birinci Qarabağ müharibəsindən, xüsusilə də “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan, həmçinin ölkəmizin beynəlxalq tərəfdaşları Ermənistana işğala son qoyulmasının qarşılığında müxtəlif təkliflər irəli sürdülər, yaxud bu barədə açıq mesaj verdilər: “Ermənistan isə, hər zaman olduğu kimi, bölgədə xarici qüvvələrin “beşinci kolon”u funksiyasını yerinə yetirməklə kifayətləndi və nəticə etibatilə bütün regional layihələrdən kənarda qaldı. Əgər İrəvan təcavüzə son qoyaraq, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərə müsbət yanaşsaydı, indi çox güman ki, biz indi Bakı-Mehri-Ordubad-İğdır, yaxud Ermənistan ərazisindən keçən başqa bir konfiqurasiyada neft, qaz kəmərlərindən, Şərq-Qərb və Transxəzər (Orta dəhliz) nəqliyyat dəhlizlərinin Ermənistan ərazisindən keçən marşrutlarından danışırdıq. Amma Ermənistanın öz xalqının gələcəyini düşünməyən, müharibə canilərindən, qatillərdən ibarət siyasi rəhbərləri bir addım irəlini görə bilmədikləri üçün ölkələrinin “dalan-dövlət” statusu ilə kifayətlənməli oldular. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan marşrutunun ötürücülük qabiliyyətinin artırılması, Azərbaycanın ölkəmizin ayrılmaz parçası olan Naxçıvanla birləşdirən, yüksək ötürücülük qabiliyyətinə malik, mahiyyət etibarilə, gələcəkdə həm də Şərq-Qərb, Şimal-Cənub və Orta dəhlizlə qarşılıqlı sinerji yaradacaq İran ərazisindən keçməsi isə Ermənistan üçün bütün nəfəsliklərin bağlanması deməkdir”. E.Mirzəbəyli bildirdi ki, bu, o deməkdir ki, Ermənistan ərazisindən heç bir beynəlxalq nəqliyyat dəhlizinin marşrutu keçməyəcək: “İrəvan, sadəcə, ikitərəfli qaydada qonşu ölkələrlə, indiki halda, yalnız İran və Gürcüstanla ölkənin ehtiyaclarını mümkün qədər ödəmək üçün kommunikasiyasını, həm də indikindən daha aşağı səviyyədə davam etdirəcək. Mənzərə belədir: əgər İran Astara, Biləsuvar, Horadiz sərhəd-buraxılış məntəqləri ilə yanaşı, Ağbənd sərhəd-keçid məntəqəsindən, avtomobil və dəmir yollarından keçəcəksə, bu, sözügedən ölkə üçün həm də Bakı-TiflisQars dəmir yoluna, Gürcüstanın Qara dəniz limanlarına daha əlverişli və rentabelli yük daşımaları həyata keçirməyə imkan verəcək. Eyni yanaşma əks istiqamətdə Gürcüstan üçün də keçərlidir. Beləliklə, Ermənistan regionun bir küncündə, atılmış, qovulmuş bir torpaq parçasından başqa heç bir işə yaramayacaq. Hazırda Ermənistanda yaşamaq məcburiyyətində olanlar da bu ölkəni tərk edib gedəcəklər”.

Analitik hesab edir ki, indiki halda Ermənsitanın yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılmasıdır: “Əgər Ermənistan indiki şərtlər daxilində dəhlizi açmaq istəməsə, 1 il sonra daha ağır şərtlərlə, əgər reallıqları qəbul edərsə, bunun üçün qapılarda növbə gözləməli olacaq. Bir neçə il sonra isə İrəvan hətta diz çöküb yalvarsa da, heç kim onu dinləməyəcək. Zəngəzur dəhlizinin açılmaması o deməkdir ki, Azərbaycan və Türkiyə Ermənistan üçün bütün kommunikasiyaları qapalı saxlayacaq. Gürcüstan və İranla bağlı proseslərin perspektiv inkişafı haqqında söz açdığım üçün bu mövzuya yenidən qayıtmaq istəmirəm. Beləliklə, regionda “Ermənistan” adlı bir ölkə olacaq, amma həm də olmayacaq”.

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Artıq qatar yola düşüb, Ermənistan yenə gecikdi”

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistan 10 noyabr Birgə Bəyannaməsinin bir çox bəndlərini yerinə yetirmədiyi kimi, 9-cu bəndi də yerinə yetirmək istəmədi: “Məhz Azərbaycanın əsas hissəsilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyanın qurulmasını özündə ehtiva edən Zəngəzur dəhlizinin açılmaması üçün manipulyasiyalar etdi. Əlbəttə ki, Ermənistan bununla müstəqil dövlət olmadığını bir daha ortaya qoydu. Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qaldı. Azərbaycanın İranla Zəngəzur dəhlizinin Araz çayının cənubundan keçəcək hissəsini razılaşdırması yeni dəmir yol və avtomobil yolunun çəkilməsi Ermənistanın blokadada qalmasına gətirib çıxarır. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti strateji qələbəsidir. Həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Zəngəzur dəhlizi Ermənistan istisna olmaqla, regionda yeni bir siyasi-iqtisadi mənzərə yaradacaq. Eyni zamanda bu layihələr ölkələr arasında dostluğu və sülhü təşviq edəcək. Artıq İranda anlayacaqlar ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək və süni gərginlik yaratmaq olmaz. Həmçinin Ermənistanın İrana münasibətində səmimi olmadığı da ortaya çıxdı. Məhz Ermənistan rəhbərliyi bu layihədən narahatdır. Ermənistan baş naziri Nikol Paşinyan 3+3 platforması çərçivəsində Tehranda keçiriləcək görüşdə iştirak etmək və bu layihələrdən kənar qalmaq istəmir”. M.Əsədullazadə qeyd etdi ki, Ermənistan yeni dəhlizdən istifadə edə bilməyəcək: “Əgər rəsmi İrəvan öz ərazisindən alternativ yol verəcəksə, bu, mümkün ola bilər. Əks təqdirdə, Ermənistanın blokadası davam edəcək. Prezident cənab İlham Əliyevin regional layihələri uğurla davam etdirməsi, Avropa ilə Asiyanın nəqliyyatının birləşməsinə gətirib çıxarır. Yeni dünya nizamında bu, çox uğurlu hadisədir və Azərbaycanın regional, eyni zamanda beynəlxalq əhəmiyyətini artıracaq”. Ekspert hesab edir ki, Ermənistan Zəngəzur dəhlizinə razılıq verməklə xilas ola bilərdi: “Artıq qatar yola düşüb, Ermənistan yenə gecikdi”.

E.Paşasoy,
“Yeni Müsavat”

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …