İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığımıdır?” mövzusunda “IDAF-22”-Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilir.
Boyukmillet.com xəbər verir ki, festival Türkiyənin ilk süni intellekt kuratoru “Avind”, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.” və “Mezo” rəqəmsal incəsənət qrupunun birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası təqdim edilir. Kompozisiyada Azərbaycanın tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – tarixi xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır. “Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunur.
Festivalın rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “PASHA Yatırım Bankası A.Ş.”nin Baş direktoru və İdarə Heyətinin üzvü Cenk Eynehan və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan belə bir tədbirə dəstək verməkdən məmnunluq hissi duyduqlarını ifadə ediblər. Rəqəmsallaşmanın insan həyatındakı rolundan danışan çıxışçılar gələcəkdə bir çox sahələrin məhz süni intellekt üzərində qulabiləcəyini qeyd ediblər.
Festival çərçivəsində “Şuşa” kompozisiyasının təqdim olunmasının bir azərbaycanlı olaraq bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan baş konsul vurğulayıb ki, Şuşa ilə bağlı hər bir mövzu bizim üçün böyük önəm daşıyır: “Mövzu “Şuşa” olduqda bizim üçün bütün axan sular dayanır. Çünki Şuşa azərbaycanlılar üçün çox özəldir, bizim qəlbimizdə oranın xüsusi yeri var. Necə ki, Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz, eləcə də təbii ki, Qarabağı Şuşasız təsəvvür etmək mümkünsüzdür. Qədim torpağımız olan Şuşanın Azərbaycanın milli-mədəni irsinin zənginləşməsində xüsusi rolu var. Bizim əksər dahi şəxsiyyətlərimiz, sənətçilərimiz, bəstəkarlarımız, yazıçılarımız və daha bir çox tarixi şəxsiyyətlərimiz Şuşanı bizə miras olaraq qoyublar. Ümid edirəm ki, bu festivalda təqdim olunan “Şuşa” kompozisiyası Şuşamızın o ölməz, savaşçı ruhunu özündə əks etdirə biləcək”.
Ümumilikdə, 13 süni intellektin iştirak etdiyi festivalda animasiyalar üzərinə səsli və hərəkətli canlandırma, insan hərəkətlərini rəqəmsal dillə izah edən proqramlaşdırma, modelləşdirmə, incəsənət, foto və videoqrafiya, habelə texnoloji üstünlüklərin idarəedilməsində süni intellektin rolundan bəhs edən stendlər qurulub. Həmçinin görüntülərin ingilis dili də daxil olmaqla, müxtəlif xarici dillərdə səsə çevrilməsini reallaşdıran süni intellekt məhsulları da nümayiş etdirilir.