Bazar , 24 Noyabr 2024
Drone Cameras

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan bir dövlət qurumudur. İdarənin rəisi Səxavət Məmmədov deyəsən “regional” sözünün mahiyyətini başa düşməyib. Ya da bəlkə elə bilir ki,idarə Ağdaşda yerləşirsə, hansı rayonda yerləşməsindən asılı olmayaraq, tabeliyindəki bütün müəssisələrə rəhbər vəzifəyə ağdaşlıları qoymaq lazımdı.

Məgər Ucar, Göyçay, Zərdabda ixtisaslı kadrlar yoxdur? Haqlı olaraq narazılıq edənlər var. Göyçay şəhərindəki Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin müəllim heyəti keçən ilin sentyabrından Səxavət Məmmədovun idarəçiliyinə etiraz edirlər. Beləki, bu məktəbin keçmiş direktoru təqaüd yaşını keçdiyinə görə işdən çıxıb.

Səxavət Məmmədov bu fürsətdən istifadə edərək öz yerlisi,Ağdaşda nəzəriyyə müəllimi işləmiş Günay Hacıyevanı Göyçayın musiqi məktəbinə direktor təyin edib.Göyçayda təcrübəli, ixtisaslı musiqi müəllimləri olsa da,onları nəzərə almayıb. Kollektiv elə həmin gün ayağa qalxaraq ağdaşlı pedaqoqu məktəbdən qovub. Deyilənə görə Günay xanım kreslosuna əyləşən kimi özü ilə gətirdiyi rəfiqəsi üçün də yer boşaltmaq istəyib.Nə az,nə çox,direktor müavini vəzifəsi. Çünki Səxavət müəllimin yanından elə-belə gəlməyib. Nəyinsə müqabilində külli-ixtiyar sahibi olduğunu zənn edibmiş.

Amma işçilərin sərt üzünü görən Günay Hacıyeva “podruqa”sının əlindən tutub qaçıb, hüquq-mühafizə orqanlarına şikayət etməyi də unutmayıb. Günay Hacıyeva ona təzyiq edildiyini, xəsarət yetirildiyini bildirib. Lakin musiqi məktəbinin işçiləri deyirlər ki, yeni direktora heç bir bədən xəsarəti yetirilməyib, dedikləri həqiqətə uyğun deyil. Onların istəyi odur ki, rəhbər öz məktəblərindən olsun. Çünki Günay Hacıyevadan daha təcrübəli, daha hazırlıqlı, savadlı göyçaylı müəllimlər var. Araşdırma zamanı müşahidə kameralarına baxılıb, Günay Hacıyevaya heç bir təzyiq olunmadığı aşkar olunub. Bundan sonra yerli kadrlardan biri direktor vəzifəsini icra etsə də Səxavət müəllim yerlisi Günay Hacıyevanı yenidən direktor postuna qoyur. Şikayətçilər deyir ki,səbəb odur ki, Səxavət müəllim “quru” rəis olmaq istəmir.

Məqsədinə də nail ola bilib. Həm Ağdaşda,həm də Bakıda evlər, mülklər, maşınlar və s. və i.a.Yəni həm yerlibazlığını edir, həm də cibini doldurur. Göyçaydakı məsələ bir misaldır. Ağdaş, Ucar, Göyçay, Zərdabda mövcud olan mədəniyyət mərkəzləri, muzeylər, rəsm qalereyaları, parklar, qoruqlar, musiqi məktəbləri bu adamın tabeliyində çalışır. Hələ Yevlax və Bərdənin mədəniyyət strukturları da müvəqqəti olaraq Səxavət Məmmədovun ixtiyarına verilib. Göyçaydakı özbaşınalığın bənzərini digər rayonlarda da edir.

Bir başbilən də buna dayan demir. Yəqin yuxarının gözünü bağlamağın yollarını tapıb, Səxavət müəllimin “səxavət”ini görüblər. Ona görə güzəştə gedirlər. Ucar, Göyçay, Zərdab, Yevlax, Bərdənin ixtisaslı işçiləri kənarlaşdırılır, yerinə Ağdaşdan Səxavət Məmmədovun qılıncının altından keçənlər gətirilir. Budur Səxavət müəllimin özünəməxsus iş metodu.

Ümid edirik ki, Mədəniyyət Nazirliyindəki rəhbər dəyişikliyindən sonra Ağdaş Regional Mədəniyyət İdarəsindəki neqativ hallara da diqqət yetirilər, haqq öz yerini tapar.

Sima Babayeva

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …