Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitinə özündə altı maddəni ehtiva edən və Ankaranın mövqeyini açıqlayacaq dosye ilə gedəcək. O, həmkarları ilə təkbətək və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə məhz həmin altı məsələni müzakirə etməyi planlaşdırır.

Bu barədə Boyukmillet.com “Yeni Şafak” nəşrinə istinadən xəbər verir.

Nəşr bildirib ki, Ərdoğan əsasən İsveç və Finlandiyanın NATO-ya daxil olmasını diqqət mərkəzində saxlayacaq. Belə ki, sammitdə o, iki şimal ölkəsi tərəfindən PKK terror qruplaşması və ona bağlı Türkiyədəki terror təşkilatlarına siyasi, maliyyə və hərbi dəstəyin sübutlarını təqdim edəcək.

Siyahıda həmçinin “PYD”, “KCK” və “FETÖ” terror təşkilatları da var. R.T Ərdoğan bundan əvvəl də İsveç və Finlandiyanın terrorçulara dəstək verməyəcəklərinə dair yazılı təminat verənə qədər NATO-ya qoşulmasını dəstəkləməyəcəyini dəfələrlə bəyan edib.

İkinci məsələ Ukrayna taxılının ixracı üçün taxıl dəhlizinin yaradılmasıdır. NATO sammitində Türkiyə Prezidenti Ankaranın Ukrayna limanlarından Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükü mexanizmini yaratmaq səyləri barədə məlumat vermək niyyətindədir.

İyunun 21-də Moskvada Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ukrayna taxılının ixracı üçün təhlükəsiz dəhlizin yaradılması məsələsi ilə bağlı danışıqlar aparılıb. Yaxın vaxtlarda İstanbulda taxıl problemi ilə bağlı Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılır. Ukrayna böhranı da Türkiyə Prezidenti ilə NATO-dakı həmkarları arasında danışıqların prioritet mövzularından birinə çevriləcək.

“Yeni Şafak” xatırladır ki, Ərdoğan mütəmadi olaraq Avropa liderləri ilə bu məsələni müzakirə edir. O, dəfələrlə öz ölkəsini Rusiya və Ukrayna Prezidentlərinin görüşü üçün platforma kimi təklif edib.

Türkiyə Prezidenti sammit iştirakçılarının diqqətini Ankaranın Afina ilə son vaxtlar ciddi şəkildə kəskinləşmiş münasibətlərinə, o cümlədən Yunanıstanın Egey dənizindəki adaların silahsızlaşdırılması statusunu pozması səbəbindən ciddi şəkildə gərginləşən münasibətlərinə cəlb etmək niyyətindədir.

Rəsmi Ankara bildirib ki, Yunanıstan tərəfinin hərəkətləri Lozanna (1923) və Paris (1947) sülh sazişlərinə ziddir. Sazişə əsasən Yunanıstan Egey dənizindəki adalarına hərbi baza və silah yerləşdirməməlidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl bildirmişdi ki, Yunanıstan adaların statusunu pozmağa son qoymasa, Ankara BMT-də adaların suverenliyinin müzakirəsinə başlaya bilər.

“Yeni Şafak”ın yazdığına görə, Ərdoğanın dosyesinin beşinci bəndi Türkiyənin qonşu ərazilərdən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında yeni hərbi əməliyyat planlarıdır.

Əməliyyatın əsas məqsədi 2019-cu ilin oktyabrında Türkiyə ordusunun “Barış Pinarı” əməliyyatından sonra yaradılmış 30 kilometrlik təhlükəsizlik zonasını genişləndirməkdir. Onun hər an başlaya biləcəyi və ilk mərhələdə Suriyanın şimalında Tell-Rifat və Mənbic rayonlarının terrorçulardan azad edilməsinə yönələcəyi bildirilib.

Ərdoğan əlavə olaraq NATO sammiti iştirakçılarının diqqətini koronavirus pandemiyasından sonra qlobal iqtisadiyyatdakı vəziyyətə, eləcə də enerji qiymətlərinin artmasına yönəltmək niyyətindədir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …