Avropa İttifaqı (Aİ) çətin ki Macarıstana Rusiya və Belarus vətəndaşlarına “Milli kartlar” (faktiki olaraq ikiillik vizalar) verilməsini dayandırması üçün təzyiq göstərə bilsin.
Boyukmillet.com xəbər verir ki, bu fikri “The Spectator” jurnalı irəli sürüb.
“Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir və bu müddətdə rəsmi Brüssel tərəfindən Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq edilməsi çox çətin məsələdir. Bu, Aİ bürokratiyasının özü-özü ilə necə rəftar etməsinə yaxşı nümunədir. Çünki viza siyasəti məsələlərində nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının (AK) Macarıstana təsir etmək imkanı yoxdur”, – nəşrin şərhçiləri qeyd edib.
Jurnalın yazdığına görə, Baş nazir Viktor Orban öz gündəliyini təbliğ etmək üçün ən yaxşı vaxtı seçib.
Xatırladaq ki, bir müddət əvvəl bir sıra Avropa ölkələrinin KİV-i, o cümlədən, “Financial Times” qəzeti Macarıstanın Rusiya və Belarus vətəndaşlarına da şamil edilməklə, uzunmüddətli vizaların alınması üçün tələblərini yumşaltmaq qərarına gəldiyini yazmışdı. İyulun 30-da AK artıq Macarıstandan bu addımla bağlı izahat tələb edib.
Avqustun 1-də Latviya prezidenti Edqars Rinkeviç Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbini gündəmə gətirib. AK Macarıstanın avqustun 19-dək adıçəkilən ölkələrin vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğuya cavab verəcəyini gözləyir.