Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Boyukmillet.com xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.